YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bələdiyyə institutunun təkmilləşdirilməsi regional inkişafa xidmət edir

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan dövləti 2022-ci ildə də ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etmiş, müxtəlif sahələri əhatə edən kompleks islahatlar davam etdirilmiş, iqtisadiyyatın dayanıqlı və davamlı inkişafı istiqamətində mühüm addımlar atılmış, sosial-iqtisadi tərəqqiyə hədəflənən layihələr gerçəkləşdirilmişdir.

Ulu öndər Heydər Əliyev yolu ilə gedən ölkəmiz bu gün özünün ən qüdrətli dövrünü yaşayır. Ümummilli Liderin ən ümdə vəsiyyəti olan doğma torpaqlarımızın işğaldan azad olunmasını Vətən müharibəsində parlaq Zəfərimizlə təmin edən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpağımız Qarabağ və Şərqi Zəngəzurda dövlətimizin öz iqtisadi imkanları hesabına misilsiz quruculuq işləri sürətlə davam etdirilir, Prezident İlham Əliyev respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə doğma torpaqlarımıza müntəzəm səfərlər edir, çoxşaxəli infrastruktur layihələri gerçəkləşdirilir.

Bunlarla yanaşı, ötən dövr ərzində regional idarəetmə sahəsində də mühüm tədbirlərin həyata keçirilməsi yeni modelin yaradılması, yeni mexanizmlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olub. Bu, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi üçün olduqca önəmlidir.

Yerli özünüidarəetmənin inkişafı diqqət mərkəzində...

Bu kontekstdə yerli özünüidarəetmənin təkmilləşdirilməsi də mühüm əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, bələdiyyələrə ilk seçkilərin keçirildiyi vaxtdan qanunvericilik sahəsində kifayət qədər irəliləyişin olması bələdiyyə idarəçiliyi sahəsində müəyyən uğurların qazanılmasına gətirib çıxarmışdır. Ötən dövr ərzində bələdiyyələr və ya onların bilavasitə fəaliyyəti ilə bağlı xeyli sayda qanun, əsasnamə, qanunvericilik aktının qəbul olunması bu sahənin inkişafına dövlətin diqqətinin bariz nümunəsidir. Belə ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı göstəricilərlə tanış olduqda xeyli diqqət çəkən məqamlara rast gəlinir. Ötən illə müqayisədə hüquqi ekspertizadan keçirilən bələdiyyə aktlarının sayı artmış, qanunsuz bələdiyyə aktlarının ləğvi üçün daha çox tədbir görülmüşdür.

Diqqət çəkən məsələlərdən biri də bələdiyyə fəaliyyəti ilə bağlı müraciətlərə, xüsusi ilə şəhid ailələrinin, müharibə iştirakçılarının müraciətlərinə daha həssas yanaşılmasıdır. Şəhid ailələrinin və müharibə iştirakçılarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif yardımlar edilib, torpaq sahələri ayrılıb, onların yaşadıqları məhəllələr, küçələr abadlaşdırılıb, evləri təmir olunub.

Aşkarlıq və hesabatlılığın təmini üçün hansı işlər görülür?

Bələdiyyələrdə aşkarlıq və hesabatlılığın təmini, yerli özünüidarəetmədə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqətdən kənarda qalmayıb. Bununla yanaşı bələdiyyələrin yerli əhalinin sosial problemlərinin həlli məqsədilə gördüyü işlər, həmçinin yerli vergi və ödənişlərin ödənilməsinin əhəmiyyəti və s. ilə bağlı hazırlanan videoçarxın mətbuatda yayımlanması, yerli əhalinin rifahı naminə görülən işlər barədə ayrı-ayrı bələdiyyələrin məlumatlarının broşüralar formasında yerli sakinlərə çatdırılması, böyük bələdiyyələrinin hər birinin sosial şəbəkədə səhifələrinin yaradılması, məlumatların mütəmadi yerləşdirilməsi onların fəaliyyətində hesabatlılığın təmin olunması baxımından çox mühümdür. Son illərdə bələdiyyələrin internetdən istifadə və kompüter avadanlıqları ilə təmin olunması səviyyəsi davamlı olaraq artmaqdadır.

Ümumi mənafe əsas götürülür

Bələdiyyələrin büdcə gəlirlərinin artırılmasının bir vasitəsi də onların öz mülkiyyətlərində olan torpaqlardan qanunauyğun, səmərəli, tək-tək şəxslərin deyil, ümumi mənafe əsas götürülməklə istifadə edilməsidir. Bələdiyyə torpaqları ilə bağlı qanunsuz qərarlar inzibati nəzarət qaydasında ləğv etdirilməklə yanaş,ı torpaqlardan səmərəli istifadə olunması üçün də metodoloji iş aparılır. Məsələlərdən biri də torpaqların icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılmasıdır.

Tədbirlər davamlı xarakter daşıyır

Ümumilikdə 2022-ci il ərzində həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına, yerli büdcə gəlirlərinin artırılmasına, bələdiyyələrin yerli özünüidarəetmə orqanı kimi ictimai nüfuzunun yüksəldilməsinə və digər aktual məsələlərə həsr olunmuşdur.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsi sahəsində işin səmərəliliyinin artırılması üçün tədbirlər davam etdirilir.

Hüquqi maarifləndirmə tədbirləri çərçivəsində korrupsiyaya qarşı mübarizə, etik davranış qaydaları, maraqların toqquşması, bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması, vergi uçotunun düzgün qurulması kimi çox aktual mövzular tədris olunmuşdur. Eyni zamanda inzibati nəzarət orqanının ayrı-ayrı dövlət orqanları ilə bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması məqsədilə əməkdaşlığını müsbət qiymətləndirərək daha da genişləndirilməsini təklif edirəm. Ötən il ərzində Türkiyə, Gürcüstan, Litva bələdiyyələri ilə görüşlər keçirilərək fikir mübadiləsi aparılmış, qabaqcıl təcrübə öyrənilmişdir. Hesab edirik ki, bu cür görüşlər daha intensiv və ardıcıl aparılmalı, dünyanın qabaqcıl ölkələrinin, xüsusilə Avropa ölkələrinin yerli özünüidarəetmə orqanlarının təcrübələrinin öyrənilməsinə geniş yer verilməlidir.

DİGƏR Xəbərlər Arxiv