YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sınaqlardan keçdiyimiz bütün dönəmlərdə...

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Bu gün də Türkiyənin ən çətin anlarında Azərbaycan onun yanındadır.

"Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə söhbət edərkən bildirib. Cənab Prezident bu zəlzələnin çox böyük bəla, böyük faciə olduğunu bildirərək hadisənin bizi çox sarsıtdığını qeyd edib: "Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir".Azərbaycan Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, müvafiq dövlət qurumları tərəfindən fəlakət bölgəsində çətinliklərlə üzləşən insanlara yardım göstərmək üçün bütün lazımi tədbirlər görülür. Azərbaycan xilasediciləri zəlzələnin baş verdiyi ilk gündən axtarış-xilasetmə işlərinə qoşulub. Hava və quru yolu ilə humanitar yardımlar çatdırılıb və çatdırılmaqda davam edir. Dövlət orqanları ilə yanaşı, özəl şirkətlər, vətəndaş cəmiyyəti institutları da bu prosesə töhfə verməyə çalışırlar.

Azərbaycanın birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu tərəfindən humanitar yardımlar göndərilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın vətəndaşlarımızın bu çətin günlərdə qardaş Türkiyəyə göstərdiyi maddi və mənəvi dəstəyi həm də Azərbaycan xalqının insani dəyərlərə nə qədər bağlı olduğunu bir daha sübut etdi. Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər də axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları təhvil verirlər.
Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Türkiyə tarixinin ən çətin sınaqlardan keçdiyi bütün dönəmlərdə də Azərbaycan hər cür maddi yardımı ilə qardaşının imdadına yetişmişdi.

Azərbaycanın da ən çətin anlarında qardaş Türkiyə hər zaman yanımızda, bizimlə çiyin-çiyinə olub. Eləcə də Vətən müharibəsində qardaş ölkənin yaxından dəstəyini hiss etməyimiz bizə ruh, güc verib. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün çətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik və gələcəyik. Azərbaycan-Türkiyə birliyinin verdiyi güc və əzmlə tezliklə qardaş Türkiyədəki təbii fəlakətin nəticələrini də aradan qaldıracağıq.