YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Korporativ maraqların qurbanı

Tehran Zəngəzur dəhlizindən niyə qorxur?

İran Ermənistanın “başına sığal” çəkərək onu uçuruma aparır

2020-ci ilin 10 noyabrında imzaladığı kapitulyasiya ilə məğlubiyyətini etiraf edən Ermənistan üçtərəfli razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə ki, imzalanan razılaşmadakı əsas şərtlərdən biri bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasını, Ermənistanın Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verməsini özündə əks etdirən 9-cu bənd idi. Təəssüf ki, artıq münaqişənin bitməsindən iki ildən artıq zaman keçməsinə baxmayaraq Erəmənistan bu öhdəliyi yerinə yetirmir və məsələni müəyyən manipulyasiyalarla uzadır.

Düzdür, Ermənistan özü də etiraf edir ki, Zəngəzur dəhlizi onların sosial inkişafı üçün təkan rolunu oynayacaq. Çünki Paşinyan iqtidarı, o cümlədən Ermənistan cəmiyyəti anlayır ki, Azərbaycanın qəti qələbəsi regionun inkişfında yeni mərhələnin başlanğıcını qoyub və müharibədən dərhal sonra Azərbaycan Prezidenti bölgədə çoxtərəfli əməkdaşlıq platformalarının anonsunu səsləndirib. Hətta nümayiş etdirəcəyi konstruktiv mövqe əsasında bu əməkdaşlıq platformalarında Ermənistanın da iştirakı istisna olunmur. Amma erməni məkri, erməni xisləti davamlı sülhə, təhlükəsizliyə təhdid yaratmaqda davam edir.

Rəsmi İrəvanın Zəngəzur dəhlizi layihəsinin reallaşmasına mane olmasında xarici faktorların da rolu az deyil. Məsələn, adını “qonşu” qoyan, amma bütün addımlarında ölkəmizə qarşı düşmənçilik mövqeyi sərgiləyən İranın bu məsələdəki yanaşması anlaşılan deyil. Daha doğrusu, İranın Zəngəzur dəhlizinə qarşı tutduğu qəti mövqenin nəyə əsaslandığını anlamaq mümkün deyil.

İran səfiri Ermənistanın da əvəzinə qərar verir

Yeri gəlmişkən, İran növbəti dəfə regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərpa olunmasının əleyhinə mövqe tutduğunu ortaya qoyub. İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zohuri növbəti dəfə siyasi sabitliyə qarşı olduqlarını “etiraf edib”. O bildirib ki, İran və Ermənistan Zəngəzur dəhlizinin əleyhinədirlər. Maraqlıdır ki, iranlı diplomat hətta Ermənistanın da yerinə bu iddianı səsləndirib - halbuki, Ermənistanın baş naziri Nikol Paşinyan eyni gündə Azərbaycana uzanan nəqliyyat yollarından istifadənin əleyhinə olmadıqlarını bəyan edib. İran səfirinin bu açıqlaması isə növbəti dəfə “ermənidən betər ermənilik” kimi qiymətləndirilə bilər.

Sərhəd məsələsinə də toxunan səfir sərhədlərin dəyişdirilməməli olduğunu vurğulayıb. Yəni, iranlı diplomat Azərbaycanın Ermənistanla təmas xəttində mövqelərinin möhkənlənməsindən Tehranın narazılığına işarə edib. Bu isə ilk belə hal deyil. Bu ilin yanvarın 20-də verdiyi açıqlamada da səfir Zohuri Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi adlandırmışdı.

Beləliklə, İran hələ də öz modundan əl çəkmir - bu ölkə regional vəziyyətin sabitliyə doğru inkişafına mane olmağa çalışır. Qeyd edildiyi kimi, rəsmi Tehranın ortada maraqları mövcuddur. Sadəcə olaraq, İran indiki halda “başını sığalladığı” Ermənistanın da əvəzinə “bəyanatlar səsləndirir”. Amma İrəvan anlamır ki, İran İrəvanı özünün korporativ maraqlarına qurban seçib.

Molla rejimi regional nizamın dəyişməsindən çəkinir

İranın Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinin arxasında dayanan səbəblər fərqlidir və bəllidir. Bu baxımdan ki, birinci növbədə rəsmi Tehran Azərbaycanın son dövrlərdə beynəlxalq aləmdə güclənən nüfuzundan çəkinir. Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror zamanı bu daha bariz şəkildə ortaya qoyuldu - bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar İranda baş verən terroru qınadı və baş verənlərin məsuliyyətini rəsmi Tehranın daşıdığını bildirdi. Təbii ki, beynəlxalq aləmin bu mövqeyinin arxasında illərdir ki, aparılan diplomatik fəaliyyət - rəsmi Bakının xarici siyasət kursu dayanır.

Digər tərəfdən, İranın hazırkı geosiyasi durumu ürəkaçan deyil - çoxsaylı sanksiyalar, məhdudiyyətlər, beynəlxalq aləmdən təcrid olunma İrandakı daxili ictimai-siyasi vəziyyəti də gərginləşdirib. Sonuncu zəlzələnin fonunda ilk baxışdan daxili etirazların səngidiyi düşünülsə də, bu, belə deyil. Sadəcə olaraq, etirazların yeni mərhələsini daha kompakt şəkildə gözləmək lazımdır - artıq etirazçılar öz güclərini hakimiyyətə göstərdilər. Molla rejiminin amnistiya tətbiqi ilə bağlı qərarı buna misaldır - rejim etirazçıların qarşısında geri çəkildi.

İran anlayır ki, Zəngəzur dəhlizinin açılması bir çox mənalarda regiona yeni nizam qazandıracaq. Burada Türk birliyi amili olduqca böyük önəmə malikdir. Təsadüfi deyil ki, İranın rəsmi və ya qeyri-rəsmi kanalları Zəngəzur dəhlizini “Turan yolu” adlandırırlar. Rəsmi Tehran anlayır ki, dünyanın yeni iqtisadi aortasına çevrilmə potensialına malik Zəngəzur dəhlizi Türk dövlətləri arasındakı əlaqələri daha da yaxınlaşdıracaq. O baxımdan da, İranın davranışları anti-Türk dairələrinin maraqlarına xidmət göstərir. Halbuki, istər Azərbaycan, istərsə də Türkiyə dəfələrlə bu layihənin gerçəkləşəcəyi təqdirdə İranın da iqtisadi dividenlər qazanacağını açıq şəkildə bildirirlər. Tehran isə öz yolunu, öz xəttini “seçir” - həm Azərbaycanla, həm də Türkiyə ilə düşmən olmaq bahasına anti-Türk dairələrə, hansılar ki, ona qarşı irəli sürülən sanksiyalarda əsas söz sahibidirlər, xidmət etmək xəttini yürüdür. Ən əsası isə İran düşünür ki, Azərbaycanın iqtisadi cəhətdən güclənməsi onun regional maraqları ilə də uzlaşmır - bu, regionda Türkiyə-Azərbaycan birliyinin timsalında mühüm bir qüvvəni daha da gücləndirəcək. O baxımdan da, İran əlinə düşən fürsəti dəyərləndirir və qeyd edildiyi kimi, Ermənistandan öz maraqları üçün istifadə edir. Hazırki vəziyyətdə Ermənistan üçün daha real xilas yolu sayılan Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq cəhdləri ilə İran bu ölkəyə ən böyük pisliyi edir.

Pərviz Sadayoğlu

"Yeni Azərbaycan" qəzeti