YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əyri güzgüdən baxış...

Avropa Parlamenti yenidən ermənilərdən artıq erməni rolunda

Avropanın ayrı-ayrı ölkələri və qurumları reallıqları nəzərə almayaraq Ermənistana birtərəfli qaydada dəstək vermələri hər kəsə məlumdur. Aydın şəkildə müşahidə edilir ki, bəlli ölkələr və təşkilatlar qoca qitədə lövbər salmış erməni lobbisinin çaldığı havaya qol götürüb oynayırlar. Prezident Emmanuel Makron başda olmaqla Fransa bu sırada öndə gəlir. E.Makronun, Fransa parlamentinin Ermənistana ardıcıl dəstək mesajları və qərərları ilə tanış olanda bu ölkənin demokratik dəyərlərindən geri çəkildiyi və ermənilərin lobbi maraqlarının girovuna çevrildiyi aydın şəkildə sezilir. Fransanın pis nümunəsini Avropa Parlamenti (AP) də təkrarlayır. Bu qurum da ermənilərdən artıq erməni rolunda çıxış edir. AP-da qəbul olunan sənədlərin məzmununa erməni ruhu hakim kəsilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq.

Avropa Parlamentinin ağ yalanları

Bu günlərdə Avropa Parlamentinin xarici əlaqələr üzrə komitəsində Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında münasibətlərə dair hesabat qəbul olunub. AP-nin Ermənistanla bağlı hər hansı sənəd qəbul etməsi qurumun öz işidir. Hərçənd ki, Avropa İttifaqı-Ermənistan münasibətlərində də lobbi maraqları aydın şəkildə özünü büruzə verir. Kasıb Ermənistan Aİ üçün hansı önəm daşıya bilər? Aydın məsələdir ki, heç bir önəmdən, qarşılıqlı faydadan söhbət gedə bilməz. Burada biz yalnız Ermənistanın

Aİ-dən qoparmaq istədiklərindən danışa bilərik. Bu ölkənin mayası belə qurulub-həmişə yazıqlanır, başqalarından nəyi isə alır, ancaq aldıqlarının əvəzini qarşılamağa qətiyyən tələsmir.

Bu, başqa bir söhbətin mövzusudur. Qayıdaq AP-nin komitəsində qəbul olunan hesabata. Sənədin adı ilə məzmunu arasında kəskin uyğunsuzluq var. Daha dəqiq desək, bu dəfə də AP-da hazırlanan sənəddə Azərbaycana qarşı qərəzli müddəalar yer alıb. Əcəba, hesabat Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərə aiddirsə, burada ölkəmizə qarşı heç bir reallığa söykənməyən müddəaların yer alması hansı məntiqə söykənir? Əslində, hansısa bir məntiqdən söhbət belə gedə bilməz. Qərəz, ağ yalanlar isə ortadadır.Hansı təcavüzdən söhbət gedir?

Avropa Parlamentinin saytında dərc olunan press-relizdə bəhs olunan hesabatda Azərbaycanın təcavüzünün pisləndiyi vurğulanıb. Xüsusilə də hesabatda ötən il sentyabrın 12-dən 13-nə keçən gecədə iki ölkə arasındakı şərti sərhədlər boyunca baş verən hərbi toqquşmallara görə ölkəmizin ünvanına müəyyən ittihamlar yer alıb. Heç bir hüquqi əsası olmayan hesabatda Azərbaycanın hərbi hissələrinin “işğal altına düşən” Ermənistan ərazilərindən çıxardılması tələb olunur. Hesabatı hazırlayan və ona səs verən deputatların qərəzi və ədalətsizliyi ortadadır. Artıq birmənalı şəkildə təsdiqlənib ki, bəhs olunan toqquşmalara görə məsuliyyət bütünlüklə revanşist mövqedən çıxış edən Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Məhz bu ölkəyə məxsus hərbi birləşmələr şərti sərhədlərdə təxribatlara əl atıblar, ilk atəşi açıblar, genişmiqyaslı hücuma cəhd göstəriblər. O başqa məsələdir ki, Azərbaycanın ayıq-sayıq, güclü, düşmənin başını əzməyə qadir olan Ordusu var. Bu dəfə də Ordumuz qətiyyətli cavab tədbirləri ilə Ermənistanın hərbi birləşmələrinin atəş nöqtələrini susdurdu və ərazidəki strateji yüksəkliklərdə möhkəmləndi.

Burada AP-nin deputatlarına bir xatırlatma etmək də yerinə düşər. Otuz illik işğal dövründə torpaqlarımızı zəbt edən Ermənistan “dərə xəlvət, tülkü bəy” deyərək sərhədləri Azərbaycan ərazilərinə doğru irəli çəkmişdi. AP-da əyləşən deputatlar güman edirlərsə ki, qalib Azərbaycan məğlub Ermənistanın bu “çoxbilmişliyini” görməzdən gələcək, yanılırlar. İki ölkə arasında sərhədlər tarixi sənədlər əsasında müəyyənləşdirilməlidir. Azərbaycan da məhz bunu istəyir. Məğlub Ermənistan isə hər vəchlə sərhədlərin demarkasiya və delimitasiya olunmasını əngəlləməyə çalışır.

Sülhyaratma prosesinə kim pəl vurur?

AP-nin deputatları hesabatda Azərbaycanın və Ermənistanın hökumətlərinin qarşılıqlı məqbul şərtlər əsasında sülh müqaviləsi  üzərində işləmələrinə  çağırış ediblər. Belə çağırış, həmçinin Avropa İttifaqına (Aİ) ünvanlanıb. Deputatların qənaətinə görə, Aİ iki ölkə arasında münasibətlərin tənzimlənməsində daha səmərəli vasitəçilik missiyası həyata keçirməlidir. Yenə də obyektivlikdən, reallıqdan uzaq olan bir çağırış. Hesabata səs verən deputatlar nə üçün Azərbaycanla Ermənistan arasında mütləq bərabərlik işarəsi qoymağa çalışırlar? İki ölkənin sülhyaratma prosesinə yanaşmaları bir-birindən tamam fərqlənir. Azərbaycan danışıqların yalnız danışıqlar naminə aparılmasının əleyhinədir. Sülh prosesi nəticəyönümlü olmalıdır. Buna nail olmaq üçün ölkəmiz əlindən gələn hər şeyi edir. Postmüharibə mərhələsində respublikamız qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Burada Azərbaycan hansısa şərtlər diktə etməyib. Halbuki, qalib ölkə statusuna uyğun olaraq bunu edə bilərdi. Sənəd sırf beynəlxalq prinsiplər nəzərə alınmaqla hazırlanıb. Ermənistan tərəfi isə müharibənin məğlub tərəfi olmasına baxmayaraq, adekvat olmayan şərtlər irəli sürür və daim manipulyasiyalara əl atır.

Azərbaycan həmçinin Avropa İttifaqının sülhyaratma prosesində vasitəçiliyinə etiraz etmir. Xatırladaq ki, ölkəmiz ötən dövrdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlarda daim fəal şəkildə iştirak edib və sülh prosesinin irəli aparılması üçün təşəbbüslər irəli sürüb. Avropa İttifaqı platformasında danışıqlara pəl vuran ölkə yenə də Ermənistandır. Ötən il bəlli formatda baş tutan “Praqa görüşündən sonra Ermənistan böyük bacısı” Fransanın təhriki ilə növbəti manipulyasiyalara əl atdı və danışıqlar prosesini sözün əsl mənasında dalana saldı.Laçın dəhlizi bağlanıbmı?

Qərəzli hesabatda eləcə də Laçın dəhlizinin “blokada”sından, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminatlar verilməsindən bəhs olunur. Gərək, nə qədər kor və kar olasan ki, Xankəndi-Laçın yolunun bağlı olduğun iddia edəsən. Belə çıxır ki, AP-nin deputatları foto və video faktları bir kənara qoyub Ermənistan rəsmilərinin yalanlarını əsas tuturlar. Xankəndi-Laçın yolunda iki aydır ki, davam edən aksiyanın hansı səbəbdən keçirildiyi dəfələrlə izah olunub. Ermənilər Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarını həyata keçirirdilər. Ekologiyaya ziyan vururdular. Laçın dəhlizindən minalar, digər silah-sursat daşınırdı. AP-nin deputatlarına sual edirik: Suveren Azərbaycan bütün bunlara seyirçimi qalmalı idi? Aksiya keçirən ekofəallar və vətəndaş cəmiyyətinin təmsilçiləri də məhz bu kimi qeyri-qanuni əməllərin qarşısının alınmasını istəyirlər. Laçın dəhlizindən hər gün Rusiya sülhməramlılarının, Qırmızı Xaç Komitəsinin çoxlu sayda avtomobilləri keçir, humanitar yüklərin daşınmasına hansısa bir əngəl törədilmir. Belə olan halda AP-nin deputatları hansı “blokada”dan bəhs edirlər? Burada paralellər aparmaq istərdik. Qarabağda yaşayan ermənilərin “blokada”ya alındığını iddia edən AP-nin deputatları nə üçün 32 il real blokadada saxlanılan Naxçıvanın 465 min nəfər sakininin hüquqlarının təmin olunmasının zəruriliyini gündəmə gətirmirlər? Üçtərəfli Bəyanatın 9-cu bəndində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz geçidin təmin olunması ilə bağlı müddəa var. Bəs AP-da əyləşən deputatlar niyə Ermənistanın üçtərəfli Bəyanatda nəzərdə tutulan marşrutun açılmasını əngəlləmək cəhdləri barədə susurlar? Budurmu ədalətli, obyektiv yanaşma? Deputatlar Qarabağda yaşayan bir ovuc ermənilərin təhlükəsizliyi sarıdan narahat qaldıqlarını bildirirlər. Sanki Xankəndidə ermənilər ac-susuz qalıblar, məhv olurlar və AP-nin təmsilçilərinin də gecələr gözlərinə yuxu getmir. Deputatlar belə canıyanandırlarsa, niyə azərbaycanlı qaçqın və köçkünlərin Qarabağın dağlıq ərazisinə BMT -nin Qaçqınlar üzrə Ali Komisarlığının nəzarəti altında qaytarılması məsələsini gündəmə gətirmirlər? Axı burada da söhbət insan haqlarından gedir.

Mübariz Abdullayev

"Yeni Azərbaycan" qəzeti