YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İkitərəfli əlaqələr əməkdaşlıq və sabitlik müstəvisində inkişaf edir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Gürcüstanda verdiyi bəyanatda xüsusi yer tutan məqamlardan biri Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların dəyərləndirilməsi oldu. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər regionun artıq köhnə qarşıdurma mərhələsindən uzaqlaşaraq əməkdaşlıq və sabitlik müstəvisinə keçməkdə olduğunu göstərir.

Uzun illər ərzində müxtəlif münaqişələrin və gərginliklərin təsiri altında olan Cənubi Qafqaz bu gün yeni tarixi mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, region artıq sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilmək potensialını nümayiş etdirir. Bu isə həm regional, həm də qlobal kontekstdə mühüm əhəmiyyət kəsb edir. Xüsusilə diqqət çəkən məqam sülhün yalnız siyasi sənədlərlə deyil, real iqtisadi və praktiki addımlarla möhkəmləndirilməsinin vacibliyidir. Bu yanaşma müasir beynəlxalq münasibətlər sistemində getdikcə daha çox önəm qazanır. Ticarət əlaqələrinin genişlənməsi, iqtisadi qarşılıqlı asılılığın artması münaqişə risklərini minimuma endirən əsas amillərdən biri kimi çıxış edir.

Bu kontekstdə Azərbaycan və Ermənistan arasında ticarətin Gürcüstan vasitəsilə həyata keçirilməsi regionda yeni əməkdaşlıq formatlarının formalaşdığını göstərir. Bu, həm də Gürcüstanın regional sabitlikdə oynadığı mühüm rolu təsdiqləyir. Tbilisi faktiki olaraq region ölkələri arasında iqtisadi körpü funksiyasını yerinə yetirir. Dövlət başçımızın Gürcüstanın rolunu xüsusi qeyd etməsi təsadüfi deyil. Gürcüstan həm coğrafi mövqeyi, həm də apardığı balanslı siyasət sayəsində regionda sabitlik və əməkdaşlıq platformasına çevrilib. Bu amil isə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verir.

Dövlət başçısının qlobal vəziyyətə dair fikirləri xüsusilə diqqətəlayiqdir. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr fonunda Cənubi Qafqazın sabitlik məkanına çevrilməsi region ölkələri üçün nadir tarixi fürsət yaradır. Bu fürsətin düzgün qiymətləndirilməsi isə uzunmüddətli inkişaf və təhlükəsizliyin təmin olunması baxımından həlledici rol oynayacaq. Beləliklə, Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Cənubi Qafqaz artıq yeni geosiyasi mərhələyə daxil olur. Bu mərhələnin əsas xüsusiyyəti qarşıdurmadan əməkdaşlığa keçid, risklərdən imkanlara transformasiyadır. Bu prosesdə isə Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı aparıcı və istiqamətləndirici rol oynayır.

DİGƏR Xəbərlər Arxiv