YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya durduqca bir bədəndə bir ürək...

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, elmlər doktoru

Qardaş Türkiyəyə ilk kömək əlini uzadan can Azərbaycandır. İstər bölgəyə təhkim olunmuş xilasedicilərimizin sayına, istərsə də humanitar yardımların həcminə görə dünya ölkələri sırasında ilk yerdəyik. Əlbəttə belə olmalıdır. Böyük şairimiz Bəxtiyar Vahabzadə söz xatirinə yazmayıb ki:

... Eşidincə ata yurdda depremi,

Axdı yaşım, döndü başım, Türkiyə.

Hər dərdimin, hər qəmimin ortağı

Can qardaşım, qan qardaşım, Türkiyə.

Varmı qəza, varmı bəla, de, bunca?

Səninləyik biz ki ömür boyunca.

Faciəni biz uzaqdan duyunca,

Gözlərimdən axdı yaşım, Türkiyə.

Öz hökmü var hər zamanın, hər anın,

Yaman gündə yanındayıq biz sənin.

Ana yurdda Vətənimsən, Vətənim,

Vətənimdə vətəndaşım, Türkiyə......

Necə ki, ölkəmizin 44 günlük Vətən müharibəsində böyüyündən kiçiyinə, məmurundan sıravi vətəndaşına qədər sözü və əməli ilə Türkiyə yanımızdaydı, bu gün də biz onların yanındayıq. Heç yadımızdan çıxmaz: Müharibənin ilk saatlarından Türkiyə cümhurbaşqanı Rəcəb Təyyib Ərdoğan bütün dünyanı öz üzərinə çəkərək açıq-aşkar elan etdi ki, biz can və qan qardaşlarımızın yanındayıq. “Azərbaycanın ərazi bütövlüyü Türkiyənin qırmızı xəttidir. Əgər üçüncü ölkə bu münaqişəyə müdaxilə edərsə, babamızın övladı olsa belə bir an belə durmarıq”, sözləri gücümüzə güc qatdı və bəzi yaramaz ölkələri, və saxta din qardaşlarımız olan qonşularımızı erməni bacılarına açıq dəstək verməyə və bu yolla müharibənin miqyasının genişlənməsinə mane oldu. Ona görə, prezident cənab İlham Əliyev zəlzələnin ilk saatında Ərdoğana telefon zəngi edərək xalqımızın başsağlığını çatdırmaqla, xilasedici dəstələrin artıq yolda olduğunu söylədi. Ardınca da humanitar yardım dolu yük təyarələrimiz yola salındı. 

Çevik xilasetmə qüvvələrimiz də güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında uğurlar sıralamaqdadır. Qısa vaxt keçməsinə baxmayaraq 46 nəfəri sağ çıxarmaları ilə bizi hədsiz sevindirirlər.

Çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə təkcə, Azərbaycan dövlətinin deyil, şəhərdən ən ucqar kəndə qədər dörd bir yanda yaşayan vətəndaşlarımızın başlatdıqları genişmiqyaslı yardım kampaniyası bu xalqın nə qədər BÖYÜK olduğunu göstərir. Eyniilə Vətən müharibəsindəki birliyimizi, həmrəyliyimizi təkrar nümayiş etdiririk.

Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan xalqı könüllü olaraq zəlzələ qurbanlarına, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Sözün əsl mənasında, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Hətta gödəkcənin ciblərinə konfet, çərəz qoyurlar ki, onu geyinəcək zəlzələdən əziyyət çəkənlər ac qalmasın. Belə ürək sahibləri olan millət əvvəl-axır var olacaq. Bütün bu xeyirxah addımlar həm Ulu öndər Heydər Əliyevin dillər dastanı olan “Bir millət, iki dövlət!” deyiminin sözdə yox, əməldə sübutu, həm də hətta çətin vəziyyətlərdə bu böyük xalqlarımızın “tək millət, tək dövlət”ə çevrilə bilmək qüdrətinin nümayişidir.

Bəli, Türkiyə-Azərbaycan artıq bir yumruq halına gəlib, bir bədəndə bir ürək, bir can olub. Dünya durduqca, sona qədər də belə də olacağına şübhəmiz yoxdur. Allah birliyimizi, bütövlüyümüzü pozmaz, inşallah!

Əminik ki, güclü və qüdrətli Türkiyə dövləti də əvvəlki zəlzələlər kimi bu çətinliyin öhdəsindən gələcək, tarixin sınağından üzü ağ çıxacaq, yoluna daha inamla davam edəcək. Burada da mərhum şairimiz B.Vahabzadənin misraları köməyimə gəlir:

...Sən çıxmısan tarixdə çox sınaqdan,

Dönməmisən nə gerçəkdən, nə haqdan.

Ey zamanın yollarında hər zaman

Mənim arxam, yol yoldaşım, Türkiyə.

Bu taleyi nə yamanla, nə qına,

Dönəcəksən sən dünənki çağına.

Qurban olum sinəndəki dağına,

Uca başım, əməldaşım, Türkiyə....

Tanrı türk qardaşlarımızın yar və yardımçıları olsun, Amin!!!