YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq aləmdə etibarlı və güclü müttəfiqdir

Azər Süleymanov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Dinamik inkişafına görə bir çox dövlətləri üstələyən Azərbaycanda aparılan məqsədyönlü daxili və xarici siyasətin məntiqi olaraq ölkəmiz dünya dövlətləri arasında yerini daha da möhkəmləndirir. Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaradan Azərbaycanın dünya diplomatiyasında mövqeyinin getdikcə daha da artması öz müsbət nəticələrini verir. Dünyanın inkişaf etmiş dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi xarici siyasətin əsas prioritetlərini təşkil edir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindəndir. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir və ikitərəfli münasibətlər strateji tərəfdaşlıq əsasında inkişaf edir. Azərbaycan və Macarıstan arasında dərin köklərə malik sıx əlaqələr müasir dövrümüzdə dövlət başçılarının səyləri ilə yüksək səviyyədədir. Azərbaycan ilə Macarıstanın rəhbərləri arasında keçirilən görüşlər ölkələri bir–birinə daha da yaxınlaşdıraraq, əməkdaşlığı dərinləşdirir. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə bu ölkəyə rəsmi səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsində əhəmiyyət kəsb edir. Dövlət başçımızın mətbuata bəyanatla çıxışı zamanı bildirdiyi kimi, "Biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır".

Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşü zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub və xüsusilə, Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi qeyd edilib. Macarıstanın Cənubi Qafqaz regionu, həmçinin Xəzər dənizi hövzəsi və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin inkişafı qeyd olunub.

Hər iki dövlət dost və tərəfdaş ölkələrdir və bu münasibətlər artıq strateji tərəfdaşlıq kimi müəyyən edilib. Əməkdaşlığın strateji mahiyyətini təsdiqləyəcək sənədə imza atılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması strateji tərəfdaşlığı təsdiqləyir. "Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar", - deyə Prezident bildirib. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunur və TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır.

İki ölkə arasında əməkdaşlıq üçün strateji əhəmiyyət kəsb edən demək olar ki, bütün məsələlər müzakirə olunub. Xalqlar arasında son illər ərzində əlaqələrin və ənənəvi əməkdaşlığın gücləndirilməsinə töhfə verilib. Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına Azərbaycan dəstək vermişdir.

Səfər çərçivəsində Azərbaycanın yaşıl enerji istehsalı, ixracı və tranziti ilə bağlı geniş imkanları, Avrasiya miqyaslı nəqliyyat-logistika layihələri ilə bağlı böyük potensialı, eləcə də Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən bərpası ilə bağlı layihələrə cəlb olunması haqqında ölkə başçısının verdiyi açıqlamalar dövlətlərarası münasibətlərdən qaynaqlanır. "Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır. Biz, eyni zamanda, nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçiririk",- deyə Cənab Prezident bəyanatında bildirib. Dövlətimizin başçısı bildirib ki, dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb, bu layihənin böyük potensialı var, çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb. "Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var", - deyə Prezident İlham Əliyev vurğulayıb.Prezident İlham Əliyevin Macarıstana səfəri ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaqdır. NABUKKO layihəsinə də diqqət yetirən Cənab Prezident bunun canlandırıldığını qeyd edib. "Əlbəttə ki, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı" – deyən Cənab Prezident vaxtilə NABUKKO layihəsi üzərində böyük işlər aparıldığını da diqqətə çəkib.Məlumdur ki, Azərbaycan ilə Macarıstan arasında 50-dən çox əməkdaşlıq sənədi imzalanıb və Cənab İlham Əliyevin Macarıstana səfəri çərçivəsində imzalanan bu və digər sənədlər əməkdaşlığın daha da genişlənməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Bu əlaqələr Macarıstan, eləcə də Azərbaycanın gələcəkdə Avropa enerji təhlükəsizliyinin təminatında vacib rol oynayacaq.