YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənc nəslin ictimai-siyasi həyatdakı rolu artır

Şuşa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı 37 nömrəli ərazi partiya təşkilatının və Şuşa Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonu, “Ramana-450” qəsəbəsində yerləşən Malıbəyli kənd Musiqi məktəbinin akt zalında 2 fevral “Gənclər günü”nə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,

Giriş sözü ilə tədbiri açıq elan edən Şuşa rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışıb, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Ölkədə gənclərlə bağlı dövlət tərəfindən həyata keçirilən uğurlu siyasət gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb.

 Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Ulu Öndərin gənclərlə bağlı imzaladığı fərman və sərəncamların gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini müəyyən etdiyini diqqətə çatdırıb. Dövlət siyasətinin mühüm tərkib hissəsi olan gənclər siyasətinin bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Əlavə edib ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon Bölməsinin rəisi Seymur Qurbanov, Sumqayıt Regional Mədəniyyət idarəsinin Şuşa nümayəndəliyinin baş məsləhətçisi Bayram Cəfərovun çıxışlarında qeyd olunub ki, öz dövləti və lideri ətrafında sıx birləşən müasir gənclərin Azərbaycan Prezidentinin ən böyük dəstəkçisi və onun siyasətinin davamçıları kimi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi öz sözünü deyir. Gənclər bu gün mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.

Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar təqdim edilib.

Tədbir Şuşa Rayon Mədəniyyət Evinin təşkilatçılığı ilə hazırlanmış musiqili proqram ilə başa çatıb.