YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gəncliyi yüksək vətənpərvərlik nümunəsi yaradıb

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı, Xocavənd Rayon İcra Hakimiyyəti, Xocavənd Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Xocavənd Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, ümummilli lider Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi. Daha sonra ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.

Tədbirdə çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov ölkədə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramlarının gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açmasındakı rolundan bəhs edib. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan gəncləri vətənə bağlılıq, sevgi nümayiş etdiriblər.

Xocavənd rayon Gənclər İdman İdarəsinin rəisi Aslan Quliyev və digər çıxış edənlər Ümummilli Liderin əziz xatirəsi hörmətlə anaraq, keçdiyi şərəfli həyat yolundan, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı, milli dövlətçilik ideyasının bərqərar olunması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə göstərdiyi əvəzsiz tarixi xidmətlərdən, gənclərlə iş sahəsində yürütdüyü siyasətdən, gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən işlərdən, əldə olunan uğurlardan bəhs ediblər.

Sonra partiya sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqəsi, rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Sonda şəhid Abdullayev Tural Bəylər oğluna Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən “Cəsur döyüşçü” medalı şəhidin anasına, Vətən müharibəsinin iştirakçısı Vüsal Şuruzadəyə isə “Müharibə iştirakçısı” medalı təqdim edilib.