YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özünü doğruldan gənclər siyasəti

Tofiq Cahangirov

YAP İdarə Heyətinin üzvü, professor

Hər bir ölkənin, hər bir xalqın gələcəyi onun gənc nəslinin necə tərbiyə olunması, hansı dəyərlərə önəm verməsi, hansı ideya və düşüncələrlə silahlanmasından asılıdır. Bu baxımdan sağlam düşüncəli, milli ruhlu, müasir dünyagörüşlü və intellektual nəslin yetişdirilməsi olduqca vacib məsələdir. Vətənpərvər, sağlam və savadlı gənclik dövlətin gələcək müqəddəratında mühüm rol oynayan hərəkətverici qüvvədir. Bu amili yüksək qiymətləndirən Ümummili Lider Heydər Əliyev Azərbaycan gəncliyinin savadlı, milli-mənəvi dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasına böyük önəm verirdi. Daim Azərbaycanın gələcəyi haqqında düşünən Ulu Öndər gəncliyə böyük diqqət və qayğı ilə yanaşırdı.

Tərəddüd etmədən demək olar ki, Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, hələ 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı müasir düşüncəli gənc nəslin formalaşdırılmasına, bu gəncliyin potensialından Azərbaycanın inkişafı naminə istifadə edilməsinə xüsusi diqqət yetirirdi. Təsadüfi deyil ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc SSRİ-nin müxtəlif nüfuzlu universitetlərində təhsil almaq üçün göndərilmişdi. 1982-1985-ci illərdə isə Sovet İttifaqının tanınmış 170 ali təhsil ocağında oxuyan azərbaycanlı gənclərin sayı 3500 nəfərə yüksəlmişdi. Moskvada, Sankt-Peterburqda, Kiyevdə, Xarkovda, Minskdə oxuyan, ali təhsilli mütəxəssis kimi ölkəmizə qayıdan həmin gənclər təhsil, tibb, iqtisadiyyat və digər sahələrdə peşəkar kadr kimi fəaliyyət göstərməyə başladılar. Bununla yanaşı sovet dövründə Azərbaycanda gənclərin müasir biliklərə yiyələnməsi üçün yeni təhsil ocaqları yaradıldı, yeni ixtisaslar açıldı, hərbi litsey fəaliyyətə başladı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında atılan bütün bu addımlar müxtəlif sahələr üzrə savadlı milli kadrların yetişdirilməsi işinə böyük töhfələr verdi.

Ümummili Lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə gəldikdən sonra da gənclərin yüksək diqqət və qayğı ilə əhatə olunması siyasətini davam etdirdi. Ölkədə gənclərin təşkilatlanmasını əsas məqsədlərdən biri kimi qarşıya qoyan Ulu Öndər ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı. Bu qurum qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyən edərək uğurla həyata keçirməyə başladı.

1995-ci ildə isə Ümummilli Lider Gənclər Forumunun təşkili ilə bağlı təşəbbüslə çıxış etdi. 1996-cı ildən etibarən Azərbaycan gənclərinin forumları keçirildi. Bu forumlarda Ulu Öndər Heydər Əliyev proqram xarakterli çıxışlar edir, gənclərin qarşısında duran vəzifələr barədə danışır, gənc nəslin hərtərəfli inkişafı üçün tövsiyələr və gənclərin problemlərinin həlli üçün müvafiq qurumlara tapşırıqlar verirdi.

Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən isə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu əlamətdar gün hər il Azərbaycanda təntənəli şəkildə qeyd edilir. O da maraqlıdır ki, bundan 1 il sonra - 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü elan edildi. Ulu Öndərin uzaqgörənliyi Azərbaycanın bu məsələdə beynəlxalq ictimaiyyəti qabaqlamasına səbəb oldu.

Ümummili lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti 2003-cü ildən etibarən onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ötən 20 il ərzində gənclər təşkilatlarının inkişafı üçün yaradılan şərait, gənclərin mənəvi inkişafı, vətənpərvər ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsili bu sahəyə böyük diqqət və qayğının bariz nümunəsidir.

Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” gənclərin xaricdə təhsili üçün geniş imkanlar açıb. Bu proqram minlərlə azərbaycanlı gəncin dünyanın ən nüfuzlu təhsil ocaqlarında təhsil almasına vəsilə olub. Həmçinin Prezident İlham Əliyevin 2007-ci ili ölkədə “Gənclər ili” elan etməsi də dövlət başçısının gənclərlə bağlı sistemli və ardıcıl siyasət yeritdiyinin təsdiqi idi. Bu addım Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakına əlavə təkan verdi. “Gənclər ili” ilə əlaqədar gənc istedadlara dövlət qayğısı artırıldı, gənclərin elm, təhsil, iqtisadiyyat, mədəniyyət və dövlət idarəçiliyi sahələrində xidmətləri layiqincə qiymətləndirildi.

Dövlət başçısının gənclər siyasətində idmanın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi və bunun parlaq nəticələri də göz önündədir. Məhz bu səbəbdən Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün ölkədə 50-yə yaxın Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, gənc idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları son 20 ildə aparılan məqsədyönlü siyasətin müsbət nəticələridir.

Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci ildə 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” Azərbaycanda gənclər siyasətinin ardıcıl və səmərəli həyata keçirildiyini, gənclərə diqqət və qayğının ildən-ildə daha da artığını təsdiq edir.

Dövlət başçısının gənclər siyasətinin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Heydər Əliyev Fondu Azərbaycanda gənclərin məşğulluğunun təmin olunmasına xüsusi diqqət yetirir, gənc istedadların üzə çıxarılması və dəstəklənməsi istiqamətində mühüm layihələr həyata keçirir. 

2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı biz Azərbaycanda sistemli və ardıcıl şəkildə davam etdirilən gənclər siyasətinin özünü doğrultduğunun bir daha şahidi olduq. Azərbaycançılıq məfkurəsi əsasında, vətənpərvər ruhda tərbiyə olunan minlərlə gənc Vətənin müdafiəsinə qalxdı. O zaman ön cəbhədə döyüşən qəhrəmanlarımızın əksəriyyəti gənclər idi. Canını Vətən üçün sipər edən qəhrəman gənclərimiz öz xalqına, öz vətəninə bağlı olduqlarını isbat etdilər. Azərbaycanın müstəqilliyi ilə yaşıd olan bu gənclər düşməni darmadağın edərək, 30 illik işğala son qoydular. Möhtəşəm Zəfərimiz bir daha Azərbaycan gənclərinin böyük güc, yenilməz qüvvə olduğunu sübuta yetirdi. Bu gün fəxr və əminliklə deyə bilərik ki, Azərbaycan gəncləri dövlətin diqqət və qayğısını yüksək qiymətləndirir, onlar üçün yaradılan fürsət və imkanları dəyərləndirir, vətəni və xalqı üçün faydalı olmağa çalışır.