YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli lider Heydər Əliyevin gənclər siyasəti sağlam gələcəyimizin ən böyük təminatçısıdır

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Müstəqil Azərbaycanın qurucusu, xalqımızın ən böyük xilaskarı olan Ulu öndər Heydər Əliyev öz mənalı və şərəfli ömrünü, müdrik siyasi fəaliyyətini Azərbaycan xalqının maraqları, xoşbəxt gələcəyi və rifahı naminə həsr etmişdir. Qədirbilən xalqımız dahi şəxsiyyətin əvəzolunmaz xidmətlərini heç zaman unutmur. Ulu öndər Heydər Əliyev Azərbaycanda bütün sferalarda, xüsusilə gənclərin sağlam və bilikli yetişməsi üçün gənclər və idman sahəsində çox mühüm tədbirlər həyata keçirmişdir ki, bu da məhz Azərbaycan gəncliyini bugün də uğurlu gələcəyə aparmaqdadır.  Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır.

O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər görülmüşdür. Ümummilli liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda Ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”. Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi. Yeri gəlmişkən, indiyədək gənclərin 5 forumu keçirilmişdir.

Ulu öndər gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq, 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir. II forumda gənclərə müraciət edən ümummilli liderimiz demişdir: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!” Ulu öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha da fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bütün bunlar Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur.Ölkə Prezidenti cənab İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübut etmişdir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə Dövlət Proqramlarını təsdiq etmişdir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir. Eyni zamanda, Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılmış və hüquqi baza təkmilləşdirilmişdir. Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazırdır.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə İkinci Qarabğa müharibəsində düşməni darmadağın edib, “Dəmir Yumuruq”la təcavüzkarların başını əzən yenilməz Azərbaycan Ordusunun sıralarında olan hərbçilərin mütləq əksəriyyəti məhz cənab Prezidentin ölkəmizə rəhbərlik etdiyi dövrdə yetişən sağlam və vətənpərvər ruhlu gənclər idi.  Azərbaycan gəncliyi ona görə xoşbəxtdir ki, güclü Lider, Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətini müdrikcəsinə həyata keçirir və ölkəmizdə sağlam gənclik yetişir.