YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəticəyönümlü siyasət, yaxud real siyasi nəticələr

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Çin və Azərbaycan arasında mövcud olan dostluq etibarlı münasibətlər əsasında formalaşıb. Bunu hər iki ölkənin dövlət başçıları arasında təşkil olunan görüşlər də təsdiq edir. Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırması ölkələrimiz arasında olan qarşılıqlı hörmətin təcəssümüdür.

Yanvar 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində Prezident cənab İlham Əliyev Çin və Azərbaycan əməkdaşlığı üçün çox möhkəm siyasi platformanın qurulduğunu vurğuladı. 30 il ərzində davam edən siyasi münasibətlər artıq ölkələrimizin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Ölkələrimizin beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığı mövcuddur, həmçinin hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bundan əlavə, Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Ölkəmiz Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Ölkə başçısı müsahibəsində bildirdi ki, Azərbaycan Orta Dəhlizlə bağlı  bütün məsələləri yerinə yetirərək nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini yaradıb.

Azərbaycan həmçinin Çinlə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərirlər. Çinin CGTN televiziya kanalına müsahibəsində Prezident cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar Azərbaycan üçün prioritetlərdən biridir. Həmçinin Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyi ölkəmiz üçün çoxlu imkanlar yaradır.

Azərbaycanın ilk günlərdən fəal şəkildə qoşulduğu “Bir kəmər, bir yol” təşəbbüsü  haqqında danışarkən Prezident İlham Əliyev bildirdi ki, bu indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Ölkəmiz bu təşəbbüsə qoşulmaqla mövcud olmayan infrastruktura investisiya yatırmağa başladı. Belə ki, son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa edib. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur və 25 milyon tona qədər artırılması planlaşdırılıb. Ölkəmiz həmçinin Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodu inşa edib. Hazırda “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırıb. Ölkəmizdə dəmir yolu infrastrukturuna geniş investisiya yatırılıb. Bakıdan qərb istiqamətində infrastrukturu genişləndirmək üçün ölkəmiz əlavə sərmayə yatırır. Nəticədə açıq dənizə çıxışı olmayan bir ölkə olan bu gün Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilib. Həmçinin avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir. Bir sözlə, Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir və marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Tranzit nəqliyyat layihələrinin inkişafı Azərbaycan iqtisadiyyatının şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığının azalması deməkdir. Ölkə ərazisindən çox sayda yüklərin daşınması daha çox gəlir və iş yerlərinin olması deməkdir. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır.

Çinin CGTN televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev onu da açıqladı ki, Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial, Çində isə böyük texnoloji nailiyyətlər mövcuddur. Ölkələrimiz bu səyləri birləşdirməlidirlər. Bərpaolunan enerji mənbələri ölkəmiz üçün əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində Azərbaycan 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanıb. Bu layihələr regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Ölkə başçısı cənab İlham Əliyev onu da bildirdi ki, Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə Azərbaycan üçün yox, həm də bütün region üçün çox böyük potensialı var. Eyni zamanda, Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Bu gün Avropada qaz çatışmazlığı var və bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir. Ölkəmiz ötən il Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzalayıb.

Həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin edir. Müasir dünyada beynəlxalq əhəmiyyətli layihələri həyata keçirmək üçün isə siyasi iradənin olması çox mühüm əhəmiyyətə malikdir. Böyük iradə sahibi olan Prezident İlham Əliyev bütün verdiyi sözləri yerinə yetirən siyasətçidir və həyata keçirdiyi siyasət nəticəyönümlüdür. Bu isə Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanıdır.  Müsahibəsində də Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycanın siyasəti hər zaman əməkdaşlığa əsaslanır və ancaq əməkdaşlıq sayəsində uğur qazanmaq mümkündür.  

DİGƏR Xəbərlər Arxiv