YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar faciəsi: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi

Yanvarın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 98 saylı tam orta məktəbin  birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən,  20 Yanvar faciəsində və 44 günlük Vətən müharibəsində, bütövlükdə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının  xatirəsi  bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan 98 saylı tam orta məktəbin direktor müavini Bahar Məmmədova bildirdi ki, çoxəsrlik tariximizdə qəhrəmanlıq və  zəfərlə  yanaşı, faciəli səhifələrimiz də var. 20 Yanvar faciəsi tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsidir. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Bahar Məmmədova  bir daha bu çağırışı etdi ki, gənclərimiz tariximizi bilməli, xalqımızın başına gətirilən faciələr barədə dolğun məlumatlara malik olmalıdırlar: “Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan xalqı hər zaman yenilməzliyi, məğrurluğu ilə dünyanın diqqətində olub. Bu kimi tədbirlər maarifləndirici xarakter daşıyır.   Vətənpərvər, milli ruhda tərbiyə olunan gənclərimizin inkişafında, gələcəklə bağlı baxışlarının formalaşmasında məktəblərin rolunu nəzərə alsaq, tariximizdə yer alan hər bir hadisəyə həsr olunan tədbirlərin əhəmiyyəti özünü aydın şəkildə büruzə verəcək.”

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirdə çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı şəhərində öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Azərbaycan xalqı göstərdiyi qətiyyəti ilə təsdiqlədi ki,  heç bir qüvvə onun milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Xalqımız ölüm saçan o qanlı-qadalı gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.”

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi vurğuladı ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyətinin gözü qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqa qarşı törədilən qırğını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

“Lakin 20 Yanvar qırğını milli azadlığı uğrunda mübarizə aparan insanların iradəsini qıra bilmədi, xalqımız canı-qanı bahasına öz dövlət müstəqilliyini əldə etdi” söyləyən YAP Xətai rayon təşkilatının sədri qeyd etdi ki, bu gün müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin ruhu şaddır: “Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizin Zəfər səhifəsini yazdı.  Zəfərimiz qürurumuz, milli kimliyimiz, baş ucalığımızdır. Azərbaycan xalqı bir daha yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.”

Tədbirin əhəmiyyətindən bəhs edən 98 saylı məktəbin tarix müəllimi Günel Süleymanlı bildirdi ki, məqsəd bugünkü və gələcək nəsillərə  faciənin əsl mahiyyətini çatdırmaqdır.

Tədbir məktəblilərin ifasında qan yaddaşımıza həsr olunan şeirlərin səsləndirilməsi, səhnəciklərin təqdimatı ilə başa çatdı.