YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu qanun siyasi mühitdə müsbət dönüş yaradacaq

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2023-cü il tarixində imzaladığı müvafiq Fərmanla “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi Azərbaycanda həyata keçirilən islahatların növbəti təzahürüdür.

Yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə 30 il bundan əvvəl - 1992-ci il iyunun 3-də qəbul edilmiş Qanunun təkmilləşdirilməsi zərurəti yaranıb. “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması zamanı Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl sənəd parlamentin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib, ictimai rəy sorğusu keçirilib, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr təşkil olunub.

Demokratiyanın başlıca göstəricisi olan çoxpartiyalılıq institutunu təkmilləşdirməyə, milli birliyi möhkəmləndirməyə, partiyalararası dialoqun inkişafına xidmət edən yeni qanunda diqqət çəkən məqamlar siyasi mədəniyyətin keyfiyyətcə yeni mərhələyə keçdiyindən xəbər verir.

6 fəsil, 30 maddədən ibarət yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsidir. Həmçinin, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır. Eyni zamanda, siyasi partiyaların müxtəlif məqsədlərlə təsis edilməsi və fəaliyyəti də qanunda öz əksini tapıb. Yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması, satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

Ölkəmizin siyasi sisteminin dayanıqlı və hərtərəfli inkişafı üçün yeni Qanun layihəsində Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistemin, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələr nəzərə alınıb. Beləliklə, beynəlxalq standartlara cavab verən, siyasi partiyaların şəffaf və təkmilləşdirilmiş formada həyata keçirməsinə əlverişli şərait yaradan “Siyasi partiyalar haqqında” yeni Qanun ölkəmizin siyasi sistemin inkişafına və siyasi partiyaların fəaliyyətinə müsbət təsir göstərəcək.

DİGƏR Xəbərlər Arxiv