YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyanın diqqətində...

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü. Dövlət başçısı İlham Əliyev sosial-iqtisadi göstəricilərin yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasını qarşıya prioritet məsələ kimi qoydu. Son 19 ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial xidmətin təkmilləşdirilməsi istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Bunun əsasında Azərbaycanın dayanıqlı iqtisadi inkişafı dayanır. İqtisadi və sosial islahatların vəhdətliyinin qorunması ölkəmizdə vətəndaş məmnunluğunun artmasında mühüm rol oynayır.

Dövlət başçısı İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına müsahibəsində də ilk olaraq ölkəmizin iqtisadi uğurlarına və bunların fonunda həyata keçirilən sosial layihələrə diqqət yönəltməsi  bir daha insan amilinə verilən dəyəri, “Güclü dövlət, yüksək rifah” prinsipinin dövlətimizin siyasətinin əsasında dayandığını nümayiş etdirdi. “Hesab edirəm ki, ilk növbədə, bizim iqtisadi nailiyyətlərimiz haqqında demək lazımdır. Çünki bu, sıradan olan məsələ deyil. Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq” söyləyən ölkə Prezidenti bildirdi ki,  dünya üçün bu böhranlı vəziyyətin xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirilməsinə çalışırıq.  Müharibədən təzə çıxmış, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır. Bu hədəf bir daha diqqətə çatdırıldı ki, məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir. İqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər.

Cari il üçün təsdiqlənən ilk sosial paket ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatıb.  Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı, 280 manata çatdı. Bu prosesin davam etdiriləcəyi bildirilir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə deyil, müntəzəm olaraq atılan addımlardır. İqtisadi imkanlarımızın artması güclü sosial siyasətlə tamamlanır. 

Özünüməşğulluq proqramı davamlı olaraq inkişaf edir. Bu öz növbəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsində öz sözünü deyir. Bu statistik rəqəm açıqlandı ki, bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanlarının nümayişidir. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərimizdə keçmiş köçkünlərin rahat, ən yüksək səviyyədə yaşayışları üçün bütün imkanlar yaradılır. Görülən və görüləcək işlər insan amilinə dəyərin təqdimatıdır.  Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə dünyanın diqqətindədir.