Xəbərlər
“Ümummilli Lider Heydər Əliyevin siyasi kursu: dövlətçiliyin və sabitliyin təməl prinsipləri”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və “H.Cavid pr.115” (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin siyasi kursu: dövlətçiliyin və sabitliyin təməl prinsipləri” mövzusunda konfrans keçirilib.
Əvvəlcə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini özündə əks etdirən guşəyə və rəsədxanada yerləşən eksponatlara baxış keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, ərazi partiya təşkilatının sədri Namiq Cəlilov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın direktoru, YAP Yasamal rayon “H.Cavid pr.129” (Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hüseyn Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc alim və mütəxəsisslər şurasının sədri Samirə Rəhimli qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu müasir Azərbaycanın dövlətçilik ideologiyasının əsasını təşkil edir. Onun rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi və hüquqi dövlət quruculuğuna start verildi. 1995-ci ildə qəbul edilən Konstitusiya dövlətin hüquqi əsaslarını möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin strateji baxışı ilə Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı. O, milli maraqları və suverenliyi hər şeydən üstün tuturdu. Dövlət institutlarının formalaşması, idarəetmədə səmərəlilik bu siyasətin əsas istiqamətləri idi. Ulu Öndər sabitliyin inkişafın təməli olduğunu sübut etdi. Onun müəyyən etdiyi yol bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev bu kursu daha da inkişaf etdirərək ölkəni yeni zirvələrə aparır. Ulu Öndər Heydər Əliyev irsi daim yaşayacaq və xalqımıza yol göstərəcəkdir.
Çıxışlardan sonra partiya fəallarına fəxri fərman təqdim olunub.