YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi partiyalar haqqında yeni qanun demokratik dəyərlərə söykənən sənəddir

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

1992-ci ildə qəbul edilmiş "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu müasir dövrün tələblərinə, ölkəmizdə siyasi partiyaların effektiv fəaliyyət göstərmələrinə cavab vermədiyindən yeni Qanunun qəbul edilməsi zərurəti yaranmışdır. Bununla bağlı Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclis Sədrinə müraciət etmişdir.

"Siyasi partiyalar haqqında" Qanun layihəsi hazırlanan zaman Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi "Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət", Venesiya Komissiyasının və ATƏT in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosunun birgə rəyi, 24 ölkənin təcrübəsi, Azərbaycanda fəaliyyət göstərən  siyasi partiyaların 47 nin  Milli Məclisə yazılı formada təqdim etdiyi 250 dən çox təklifi, eləcə də Milli Məclisin komitə və plenar iclaslarında deputatlar tərəfindən irəli sürülmüş 100 dən çox təkliflər nəzərə alınmışdır.

"Siyasi partiyalar haqqında " Qanun layihəsinin hazırlanması üçün Milli Məclis tərəfindən Qanun layihəsi ilə bağlı təkliflərin təqdim edilməsi üçün siyasi partiyalara müraciət edilmişdir. Milli Məclisin komitə iclasına çıxarılmazdan əvvəl Qanun layihəsi təklif və rəylərin bildirilməsi üçün Milli Məclisin saytına yerləşdirilmişdir.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qanun layihəsində əksini tapmış məsələlərlə bağlı sorğu keçirilmişdir. Milli Məclisdə Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin də iştirakı ilə dinləmələr keçirilmişdir. Son olaraq dinləmələrdən sonra Qanun layihəsində müsbətə doğru ümumilikdə 110 əlavə və dəyişikliklər edilmişdir. Ən əsası Venesiya Komissiyasının siyasi partiyaların statusu və fəaliyyətinə dair 132 tövsiyyəsindən 112- i Qanun layihəsində nəzərə alınmışdır. Siyasi partiyalar haqqında yeni qanun demokratik dəyərlərə söykənən sənəddir və siyasi partiyalar fəaliyyətlərində dövlətin onlara göstərdiyi dəstək və şəraitdən yararlanacaqlar.