YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün keçmiş köçkünlər dədə-baba torpaqlarına qayıdacaqdır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın bu və ya digər sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək diqqəti işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə, Böyük Qayıdış proqramının icrasına yönəltdi.

İşğaldan azad edilmiş ərazilərimizdə iki ildə görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. Əsas olan budur ki, artıq soydaşlarımızın Böyük Qayıdışının ilk addımı atıldı. Ötən il Zəngilanın Ağalı kəndi “ağıllı kənd” layihəsi çərçivəsində müasir tələblərə uyğun yenidən bərpa edilərək istifadəyə verildi və sakinlər öz doğma yurd-yuvalarına qayıtdılar. Dövlət başçısı İlham Əliyev bu il laçınlıların Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını bildirir. “İndi Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir və indi baxacağıq, bu il biz Laçın şəhərinə ilk laçınlıları nə vaxt qaytaracağıq. Bu il Zabux və Sus kəndlərinə də keçmiş köçkünləri qaytaracağıq” söyləyən dövlət başçısı onu da əlavə etdi ki, Zabux kəndində hansısa varlı erməni tərəfindən evlər tikilib. O evlər müvəqqəti olaraq hərbçilərə verilib. Onlardan kazarma kimi istifadə edilir. Həmin evlərdə  vətəndaşlarımız  yaşamayacaq. Dövlət başçısı İlham Əliyev bildirdi ki, zabuxlular üçün Zabux kəndində yeni qəsəbə salınır və bu il onlar bu kəndə qayıdacaqlar.

O da qeyd olundu ki, birinci mərhələdə təqribən 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Hazırda Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə başlanılıb.  Bir neçə kəndin təməli qoyulub.

Dövlət başçısı İlham Əliyev bərpa-quruculuq işlərinə başlandığı gündən bu hədəfi açıqladı ki, infrastruktur olmadan insanları köçürmək mümkün deyil. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edildi və onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Hazırda 7 stansiyanın inşası davam edir və bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə 50-yə yaxın su elektrik stansiyası yaradılacaq. Bu il Cəbrayılda Günəş Elektrik Stansiyasının inşasına başlanılacaq. İki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir.

Cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, Qarabağ və Şərqi  Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq. İndi yeni idarəetmə modeli üzərində işlər aparılır. Kadr potensialı çox önəmlidir. Azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb.

O da məlumdur ki, bu ərazilərimizdə də dünyaya Azərbycan brendi kimi səs salan “ASAN xidmət”, DOST mərkəzləri yaradılacaq. Bütün bu kimi addımlar soydaşlarımızın rahat yaşayışının təmin edilməsinə xidmət edir. Bərpa-quruculuq işlərinə nəzarətin yüksək səviyyədə aparılması Böyük Qayıdışın sürətini daha da artıracaq. İşğaldan azad edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəliyinin fəaliyyəti idarəçilik sistemində təkmilləşmədə, yeniliklərin tətbiqində, səmərəliliyin artırılmasında öz sözünü deyir.

Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində xoş ovqat, sabahaımıza böyük inam, yeni-yeni hədəflər, çağırışlar öz əksini tapıb. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, görülən və görüləcək işlər Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan üçün möhtəşəm uğurlar vəd edir.