YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq ictimaiyyəti yeni geosiyasi reallıqları qəbul edir

“Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin siyasi, iqtisadi, diplomatik sahədə qazandığı nailiyyətlər, eyni zamanda, qarşıda dayanan hədəflər barədə fikirlərini ifadə etdi. Vətən müharibəsindən sonra əsas hədəf qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Bu hədəfədə nail olunub və bütün dünya müharibənin nəticələrini, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir. Müharibədən keçən iki il ərzində də Azərbaycan həm beynəlxalq əlaqələr müstəvisində, həm də ölkə daxilində uğurlu siyasət həyata keçirib. Cənab Prezidentin müsahibəsində regionda baş verən proseslər, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində sülh prosesinin hazırkı vəziyyəti, bu yöndə qarşıda dayanan vəzifələrlə bağlı fikirlər xüsusilə diqqəti cəlb edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Millət vəkilinin sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, sülh yaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Ermənistan üçtərəfli Bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələdə qanunsuz erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Hətta Ermənistan son dövrlərdə yeni manipulyasiya vasitəsinə əl atır – onlar Qarabağdakı separatçı rejimi “danışıqların tərəfi” kimi ortaya atmağa cəhd göstərir. Eyni zamanda, Qarabağı yenidən danışıqların müzakirə predmetinə çevirməyə çalışır. Bu isə yolverilməz olduğu qədər Azərbaycan üçün qəbulolunmazdır.

Deputat qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Orada baş verən bütün hadisələr və cərəyan edən proseslər barədə tam dolğun məlumatımız var. Nə Ermənistan, nə onun havadarları, nə də hər hansı üçüncü bir qüvvə bu vəziyyəti dəyişə bilməz. Qarabağda qurulmasına çalışılan oyunların isə heç bir perspektivi yoxdur və Azərbaycan uzun müddət belə vəziyyətə dözmək niyyətində deyil. Azərbaycan bununla bağlı qəti tədbir görmək hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüquqda da özünü tövsif edir. Başqa sözlə, erməni silahlı birləşmələrinin əl ata biləcəkləri təxribatlar bütün hallarda onların özlərinin əleyhinə yönələcək. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz: “Həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Çünki artıq visual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”.

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu nümayiş etdirir. Ölkəmiz qalib tərəf olsa da, humanism prinsiplərinə əsaslanaraq, müharibə tərəfdarı olmadığını bəyan edir. Dövlətimizin başçısının vurğuladığı kimi, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur: “Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. Onu da deməliyəm ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenədə deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik”. Bütün hallarda Azərbaycan ədalətin, beynəlxalq hüququn yanındadır. Ölkəmiz ədaləti bərpa etmək üçün uğurlu siyasət həyata keçirir. Qərbi Azərbaycana qayıdacağımızla bağlı çağırışlar da özündə tarixi ədaləti ehtiva edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçündə yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır” çağırışı Ermənistana və ona havadarlıq edən dövlətlərə tarix, hüquq, ədalət dərsidir.

Millət vəkili diqqətə çatdırıb ki, dövlətimizin başçısı geniş müsahibəsində ölkəmizin həyata keçirdiyi sosial-iqtisadi siyasətin əhəmiyyəti, eləcə də uğurlu enerji siyasəti, Avropa İttifaqı ilə bu yöndə əməkdaşlıq və s. məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb. Bütövlükdə, müsahibə Azərbaycan ictimaiyyətində dövlətimizin bugünkü qüdrəti və gələcək hədəfləri barədə aydın təsəvvür yaradır.