YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün imkanlar var

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Azərbaycan dünyada idmanın inkişaf səviyyəsinə görə aparıcı ölkələrdən biri kimi tanınır. 2022-ci ildə idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir.

Cari ilin yanvar ayının 9-da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə ötən ili Azərbaycan idmanı üçün uğurlu il olduğunu qeyd edərək bildirib ki, “keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.”

Ölkəmizdə idmana, idmançılara diqqət hər zaman yükəsk səviyyədədir. Bu diqqət və qayğı olan yerdə isə nəticələr də mütləq olacaq. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmlidir. Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Azərbaycanın bölgələrində 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib gənclərin, idmançıların istifadəsinə verilib.

Prezident İlham Əliyev idman sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək qeyd etmişdir ki, “Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər”.

Bu gün artıq tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, bərpa edilir. Yaradılan imkanlar Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcəkdə bütün sahələrdə davamlı uğurlarında öz sözünü deyəcək. İdmanın kütləviliyini təmin etmək üçün bu torpaqlarımızda idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bu sırada Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Eyni zamanda keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Çünki Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdı. Ancaq Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılması ilə bağlı zəruri işlər görülür. Atılan bu addımlar Azərbaycanın dünyada güclü idman dövləti kimi təsdiqləməsini və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyinin ildən-ilə möhkəmlənməsi ilə xarakterizə olunur. Bu siyasət ardıcıl şəkildə aparılır. Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, təhlükəsizlik və bunun fonunda həyata keçirilən genişmiqyaslı quruculuq işləri məhz qarşıya qoyulan hədəflərə hesablanıb. Sözsüz ki, Tarixi Zəfər hər bir Azərbaycan vətəndaşı və dünya azərbaycanlıları üçün qürur mənbəyidir.

Gənc idmançıların hazırlanmasının mütəşəkkil qaydada təmin edilməli olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “Bu sahədə son vaxtlar daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər həm seleksiya işləri, həm də gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq”.

Prezident İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.