YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ tezliklə dünyanın ən gözəl bölgələrindən birinə çevriləcək

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Artıq bütün dünyaya da məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə şəhər və kəndlər viran edilmiş, yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata böyük miqadarda ziyan vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

2020-ci il sentyabrın 27-də 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Sərəncamın təsdiq olunması yüzminlərlə soydaşımızın taleyinə təsir göstərən tarixi sənəddir və hər mənada təqdirəlayiqdir.

Bu Sərəncam Böyük Qayıdışı təmin etməklə yanaşı, işğaldan azad edilən ərazilərin dirçəldilməsi, bu ərazilərə yenidən həyatın qayıtması baxımından mühüm əhəmiyyətə malikdir. Otuz il ərzində doğma yurdundan didərgin düşən bir milyondan artıq soydaşımızın yenidən ev-eşiyinə qayıtması, dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən biridir.

Hazırda Azərbaycan xalqı böyük qayıdış dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. İşğaldan azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təmizlənmiş, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilmiş, dəmir və avtomobil yollarının çəkilişinə başlanılmışdir.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə inkişafına, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu ərazilərə davamlı səfərlər edərək burada həyata keçirilən layihələrlə yaxından tanış olur, prosesi bilavasitə xüsusi diqqət və nəzarətində saxlayırlar.

Bu cür layihələr işğaldan azad olunmuş ərazilərin sakinləri üçün xüsusi əhəmiyyət daşıyır. 30 il idi ki, insanlarımız səbirsizliklə bu günü gözləyirdilər. Nəhayət həmin gün yetişdi. Artıq yaxın vaxtlarda insanlarımız öz doğma yurdlarına köçəcək, bu yerlərdə həyat yenidən öz axarına qayıdacaq.

Burada önəmli məsələlərdən biri də yaşayış binalarının inşası ilə yanaşı yeni zavod və fabriklərin təməlinin qoyulmasıdır. Qarşıda duran mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılmasıdır. Respublikanın müxtəlif bölgələrində məskunlaşan insanlarımız hazırda müxtəlif qurumlarda çalışırlar. Onların öz doğma yurdlarına qayıdan zaman işlə təmin olunması çox önəmlidir. Ona görə bütün işlər paralel aparılır.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi ilk missiya bu ərazilərdə kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri daxil olmaqla, 180 mədəniyyət obyektini müəyyənləşdirib və onların hamısının tamamilə dağıdılmış vəziyyətdə olmasının şahidi olub. Azad edilmiş ərazilərdəki bütün məscidlər demək olar ki, dağıdılmış, bəziləri tövləyə çevrilmişdir. Azərbaycanın tolerantlıq ənənələrinin nə qədər güclü olduğu bütün dünyaya bəllidir. Zərrə qədər şübhə yoxdur ki, Azərbaycan dövləti azad edilmiş rayonlarda tezliklə geniş quruculuq işlərinə başlayacaq, həmin ərazilərdə müvafiq mədəniyyət infrastrukturu  yaradılacaq və ¬bütün tarixi-mədəni abidələri bərpa olunacaq.

Proseslərin təhlili göstərir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq və abadlıq işləri çox sürətlə aparılır. Tezliklə insanlarımız öz doğma yurdlarına qayıdacaq, bu ərazilər dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək.