YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan öz məsuliyyətini dərk etməli və sülh öhdəliyini yerinə yetirməlidir

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Danılmaz faktdır ki, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan, şəhər və kəndlərimizi söküb talayan, qanunsuz məskunlaşma aparan və nəticədə Azərbaycanın əks-hücum əməliyyatlarına tab gətirə bilməyən Ermənistan 44 günlük Vətən müharibəsindən sonra Kapitulyasiya Aktını imzalamağa məcbur oldu və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Daim torpaqlarımızın sülh yolu ilə qaytarılmasına üstünlük verən Prezident İlham Əliyevin iradəsi nəticəsində üç rayonun - Ağdam, Kəlbəcər və Laçının döyüşsüz və heç bir itki olmadan  qaytarılması isə Müzəffər Ali Baş Komandanımızın növbəti diplomatik uğurlarından biridir.

Bu gün, post-münaqişə dövrünün reallıqlarına uyğun olaraq, İki ölkə arasındakı münasibətlərin tənzimlənməsi məqsədilə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsinin başa çatmasını təsdiqləyən, 3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatda əks olunmuş tələblərin yerinə yetirilməsi üçün müəyyən olunan öhdəliklər Azərbaycan tərəfindən tam yerinə yetirilməsinə baxmayaraq Ermənistan vədinə əməl etmir.

Belə ki, Azərbaycan tərəfi Bəyanatın tələblərinə əsasən əks-hücum əməliyyatlarını dayandırıb və Azərbaycan ərazisində ermənilərin kompakt yaşadığı əraziyə maneəsiz dəhlizi təmin edib. Ermənistan isə haqsız olduğunu başa düşməklə,  məğlubiyyətini qəbul etsə də, münaqişənin başa çatması ilə bağlı üzərinə götürdüyü bir sıra  vacib öhdəlikləri yerinə yetirmir.

Ermənistan, Bəyanatın əsas tələblərindən olan, erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılması, sərhədlərin delimitasiya və demarkasiyası, Azərbaycanın tərkib hissəsi olan  Naxçıvanla birbaşa maneəsiz nəqliyyat dəhlizinin yaradılması ilə bağlı heç bir əsaslı iş görməmişdir.

Əksinə, torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində minaladıqları ərazilərdən başqa, tərk etmələri üçün vaxt aldıqları zaman Ağdam, Kəlbəcər və Laçın rayonlarının bütün ərazilərinə yeni minalar basdırmaqla, yaşayış evlərini yandırmış, meyvə ağaclarını belə kəsmiş, terrorçu əməllərini davam etdirmişlər. Eyni zamanda erməni terroru bütün sahələrdə aparılmış, Qarabağın təbiətinə, ekologiyasına misli görünməmiş ziyan vurulmuş, Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonları daxil olmaqla, ümumilikdə minlərlə hektar meşə sahəsini tamamilə məhv etmişlər.

Erməni vəhşiliyinin törətdiyi ekoloji terror təkcə bununla bitmir. 30 illik işğal dövründə çapıb-taladığı təbii sərvətlərimizdən gözü doymayan azğın erməni vandalları  soyğunçuluq əməllərini davam etdirir, öz havadarları ilə müştərək olaraq ərazilərimizin yeraltı və yerüstü təbii sərvətləri amansızcasına talan edir.

Son günlərdə Azərbaycan Respublikasının müvafiq nazirliklərinin mütəxəssislərindən və ekspertlərdən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı və digər məsələlərlə bağlı monitorinq keçirilməsi üçün sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Lakin danışıqlar nəticəsində əldə olunmuş razılığa baxmayaraq riyakar “sülhməramlılar” tərəfindən monitorinqin keçirilməsinə maneçilik törədilib.

Bu gün də, ərazidə sülhü təmin etmək missiyasını üzərinə götürən Rusiyanın dırnaqarası sülhməramlıları Azərbaycan ərazilərində mövcud olan faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni olaraq istismar edilməsinə nəinki göz yumur, hətta açıq-aşkar şərait yaradır. Qızıl və mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərin talanması bunu bir daha əyani şəkildə sübut edir.

Bu səbəbdən də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının 10 gündür ki, Şuşa-Laçın yolunda həyata keçirdiyi dinc etiraz aksiyası davam edir. Bu etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə beynəlxalq hüquq normalarına uyğun olaraq hörmətlə yanaşılmalıdır.

Bir sözlə Ermənistan öz məsuliyyətini dərk etməli,  sülh öhdəliyinə əməl etməli, Azərbaycanın haqlı tələbləri birmənalı olaraq yerinə yetirilməlidir. Əks-təqdirdə, işğalçı Ermənistan əsrlər boyu unuda bilməyəcəyi dəmir yumruğun təsirini bir daha görəcək.