YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: İlk Avropa Oyunları həm Avropa, həm də Azərbaycan üçün əhəmiyyətlidir

“İlk Avropa Oyunları həm Avropa, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Avropa üçün ona görə əhəmiyyətlidir ki, artıq yeni bir Olimpiya Oyunları səviyyəsində idman yarışı təşkil olunub. Qısa müddətdə, iki il yarım ərzində Azərbaycan belə bir işin öhdəsindən gəldi. Hansı ki, başqa dövlətlər bunu 6-7 il ərzində edirlər”. Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu müddət ərzində ölkəmiz bütün idman infrastrukturunu hazırlaya bilib. İdmanın dostluq, həmrəylik bayramı olduğunu deyən millət vəkilinin sözlərinə görə, bu hadisənin Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz Avropa xalqlarına, eləcə də, bütün dünyaya özünü təqdim etmək imkanı qazanır. 
“Bu tədbir çərçivəsində Azərbaycana təkcə idmançılar gəlməyəcək, tamaşaçılar, turistlər gələcək, Azərbaycanın təbiəti, mədəniyyəti, bütövlükdə inkişafı ilə, insanlarımızın milli-mənəvi xüsusiyyətləri ilə tanış olacaqlar, xalqımızın qonaqpərvərliyinin şahidi olacaqlar. Digər tərəfdən, xarici qonaqlar yeni bir turist məkanı ilə tanış olacaqlar. Belə olan təqdirdə sonrakı illərdə də istirahət üçün ölkəmizi seçəcəklər. Bu da turizmin inkişafına təkan verəcək, iqtisadi dividendlər əldə olunacaq. Ümumilikdə, Azərbaycan cəmiyyəti özünü dünyaya nümayiş etdirəcək. Bir daha dünya xalqları görəcək ki, Azərbaycan hüquqi, demokratik bir dövlətdir. Burada tolerantlıq hökm sürür, multikulturalizm ənənələri var. Anlaşılacaq ki, Azərbaycan xalqı bədxahlarımızın dünyaya göstərmək istədiyi kimi xalq deyil. Eyni zamanda, erməni lobbisi ölkəmizi nüfuzdan salmaq üçün müxtəlif kampaniyalar aparır. İlk Avropa Oyunlarını izləməyə gələn qonaqlar isə görəcək ki, Azərbaycan iqtisadi cəhətdən Ermənistandan qat-qat yüksəkdir, tolerantdır, sivil dövlətdir. Ermənilərin yalanları bir daha ifşa olunacaq”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.