YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bişkekdə Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib

Ölkəmizin Qırğızıstandakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 97-cı ildönümü münasibətilə rəsmi qəbul keçirib.

Tədbirdə Qırğızıstan Prezidenti Aparatının, hökumətin yüksək vəzifəli şəxsləri, ölkə parlamenti-Jokorku Keneşin deputatları, ölkədə akkreditə olunmuş səfirlər, ziyalılar, diaspor fəalları, jurnalistlər iştirak ediblər.

Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov çıxış edib. O bildirib ki, 97 il əvvəl, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi, demokratik respublika məhz Azərbaycanda yaranıb. Lakin XX əsrin əvvəllərində dünyada və regionda yaranan siyasi vəziyyət müstəqilliyin saxlanmasına imkan verməyib və cəmi 23 ay sonra AXC süqut edib. Buna baxmayaraq, Azərbaycan bütün regionda dünyəvi və demokratik dövlətin nümunəvi məktəbi olub.

Səfir vurğulayıb ki, SSRİ dağıldıqdan sonra, 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycan özünü Cümhuriyyətin varisi elan edib. Diplomat deyib: AXC bizim milli sərvətimizdir, Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Cümhuriyyətin yaradılması və fəaliyyəti xalqımızın müstəqillik əzminin, dövlətçilik ənənələrinə sadiqliyinin göstəricisidir.

Səfir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə qarşılaşıb, ərazimizin 20 faizi işğal edilib və 1 milyon insan öz doğma torpağında qaçqın və məcburi köçkünə çevrilib. Hələ 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatların da analoji qərarları var. Təəssüf ki, bu nüfuzlu qurumların qərarları hələ də icra olunmur.

H.Orucov qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sosial-iqtisadi inkişaf, dövlət və ordu quruculuğu, demokratik islahatların həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, müstəqilliyinin daha da möhkəmlənməsi və digər sahələrdə böyük işlər görüb və bu istiqamətdə fəaliyyət davam etdirilir.

Məlumat verilib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri yekunlaşmaq üzrədir. Oyunlarda Avropanın 49 ölkəsindən 6 mindən çox idmançı iştirak edəcək. 2017-ci ildə isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcək.

Azərbaycan və Qırğızıstan arasında əlaqələrdən danışan səfir deyib ki, qarşılıqlı etibar, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan əməkdaşlığımız siyasi, ticarət-iqtisadi, mədəni, humanitar və digər sahələrdə uğurla inkişaf edir. 2012-ci illə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsi 2014-cü ildə 1,5 dəfə artıb. Azərbaycan və Qırğızıstan arasında əlaqələrin dərinləşdirilməsi dövlət başçıları İlham Əliyev və Almazbek Atambayevin həyata keçirdikləri siyasətin prioritet istiqamətləridir.

Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev öz çıxışında Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında ümummilli lider Heydər Əliyevin rolunu diqqətə çatdırıb və Prezident İlham Əliyevin bütün sahələrdə əldə etdiyi uğurlar haqqında danışıb. Nazir qeyd edib ki dövlət başçılarının iradəsi sayəsində Qırğızıstan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub.

Sonra mərasim iştirakçıları Azərbaycanın tarixini, bugünkü sürətli inkişafını əks etdirən video materiallara baxıb, Azərbaycan musiqisindən ibarət konsertə tamaşa ediblər.