YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Separatçıların ekoloji terror siyasəti ifşa edilir

Jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə ekspert Elnur Eltürkün Laçın yolunda davam edən aksiya ilə bağlı hazırladıqları yazı İngiltərənin t-vine.com və Pakistanın “National Herald  Tribune” qəzetində yayımlanıb.

"Ermənilərin ekoloji cinayətləri ilə bağlı Xankəndi yolundan aksiya davam edir" başlıqlı yazıda qeyd olunur ki, dekabrın 12-dən qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası davam edir. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etirazlarını bildirirlər.

Ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləyirlər. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər.

Bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə etiraz notası göndərib. Notada Azərbaycan nümayəndələrinin göstərilən yataqlara maneəsiz baş çəkmələrini təmin etməyə çağırış əks olunub. Belə səfərə maneə törətməyin və ya hər hansı şərtlər irəli sürməyin yolverilməz olması vurğulanıb. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət edilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün brifinqində çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. O deyib ki, bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.

Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qarabağ erməniləri Azərbaycanının tam hüququlu vətəndaşlarıdır. Azərbaycan onlara hər bir formada yardım göstəməyə hazırdır.

Yazıda vurğulanır ki,  2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər.

Yazıda digər bir sıra mühüm məqamlara nəzər salınıb.