Xəbərlər
“Dövlət suverenliyimizin təntənəsi və milli qürur tariximiz”
20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında “Dövlət suverenliyimizin təntənəsi və milli qürur tariximiz” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 20 Sentyabr tarixinin Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Dövlət Suverenliyi Günü Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının rəmzi kimi xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd edilir.
Gündüz Bayramov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qarşısında duran tarixi vəzifələrin reallaşdırılması üçün möhkəm zəmin yaradıb.
O qeyd edib ki, 2020-ci ildə əldə olunan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkənin bütün ərazisində dövlət suverenliyi tam təmin edilib. Bununla da Azərbaycan Respublikasının Konstitusiya quruluşu Qarabağ bölgəsində də bərqərar olunub.
Bildirilib ki, 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm hadisənin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tarixi nailiyyətin əldə olunmasında Azərbaycan Ordusunun şəxsi heyətinin göstərdiyi qəhrəmanlıq, şəhidlərin fədakarlığı və qazilərin şücaəti xüsusi vurğulanıb.
Dəyirmi masada çıxış edən 44 günlük Vətən müharibəsində şəhid olmuş leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədov dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasının şəhid ailələri üçün böyük qürur mənbəyi olduğunu bildirib. O qeyd edib ki, Elvin Məmmədzadə kimi Vətən uğrunda canından keçən qəhrəman oğulların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Şəhidlərin müqəddəs irsinin qorunmasının və onların qəhrəmanlığının gənc nəslə aşılanmasının hər birimizin mənəvi borcu olduğu vurğulanıb.
44 günlük Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Aydın Şıxəliyev çıxışında Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı nümayiş etdirdiyi yüksək peşəkarlıq və qəhrəmanlıqdan, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin ölkənin dövlət suverenliyinin tam bərpasında mühüm rolundan danışıb. O, 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının milli qürurunu və dövlətçilik əzmini ifadə edən əlamətdar tarix olduğunu bildirib.
Daha sonra Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Elnaz Cəfərova, Samux rayon 3 saylı tam orta məktəbin ərazi partiya təşkilatının üzvləri Samir Qurbanov və Zahirə Hüseynova çıxış ediblər.
Çıxışlarda 20 Sentyabr - Dövlət Suverenliyi Gününün tarixi və siyasi əhəmiyyətindən, Azərbaycanın əldə etdiyi tarixi Zəfərin mühüm nəticələrindən bəhs olunub. Qeyd edilib ki, dövlət suverenliyinin tam bərpası Azərbaycanın müstəqil dövlətçilik tarixinin ən mühüm nailiyyətlərindən biridir.
Həmçinin şəhidlərin qanı, qazilərin şücaəti və Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı sayəsində əldə olunan tarixi Qələbənin gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə və vətənpərvərlik ruhuna bağlı şəkildə tərbiyə olunmasında mühüm örnək olduğu vurğulanıb.
Tədbirdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, Böyük Qayıdış proqramının icrasından da bəhs olunub. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması Azərbaycanın əldə etdiyi tarixi Zəfərin davamı olmaqla, ölkənin iqtisadi və sosial inkişafında yeni mərhələnin əsasını təşkil edir.
Dəyirmi masa mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.
