YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səylərin birləşdirilməsi birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri 

Tarixi Zəfərimizdən sonra yeni əməkdaşlıq formatlarının yaradılması əsas çağırışlar sırasındadır. Ötən il Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmi təsdiqi olan Şuşa Bəyannaməsindən sonra paytaxt Bakıda   Türkiyənin, Azərbaycanın, Pakistanın parlament sədrləri bir araya gələrək Bakı Bəyannaməsini imzaladılar. Bu sənəddə beynəlxalq sülh və təhlükəsizliyin təminatında parlamentin rolunun artırılması əsas hədəf kimi qeyd edilir.

Dekabrın 14-də dövlət başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəri daha bir əməkdaşlıq formatının yaradılması ilə yadda qaldı. Belə ki, Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başşçılarının Üçtərəfli Zirvə Görüşü keçirildi. Reallığa çevrilən hər bir təşəbbüs iştirakçı dövlətlərin hədəfə yüksək səviyyədə nail olması imkanlarını açıqlayır. Azərbaycanın Türkiyə və Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan və Türkiyə arasında keçən il imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Həmçinin 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə də imzalanıb. Bir sözlə, Azərbaycanın Türkiyə və Türkmənistanla siyasi əlaqələri strateji müttəfiqlik səviyyəsindədir. Ölkələrimiz bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

Türkmənistanda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə dövlət başçısı İlham Əliyev bir daha diqqəti ölkələrimiz arasında  iqtisadi  əlaqələrin hazırkı səviyyəsinə yönəltdi. Belə ki, cari ilin yanvar-oktyabr aylarında ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi də 5 dəfə artıb.

Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atdığını qeyd etdi. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb.

“Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Cənab İlham Əliyev çıxışında bu mühüm məqamı da diqqətə çatdırdı ki, hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.

Onu da qeyd edək ki, Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmiz beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur.  Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu yüksək yerləri əldə edilməsi böyük səylər, düşünülmüş siyasətin nəticəsidir.

Artıq göründüyü kimi, yeni əməkdaşlıq formatlarının yaradılması hər bir ölkənin iqtisadi imkanlarının təhlili əsasında yeni hədəflərə yol açır. Səylərin birləşdirilməsi birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirir.