Xəbərlər
Qlobal informasiya məkanında Azərbaycanın strateji mövqeyi
İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri
Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhəri bu gün təkcə hərbi və siyasi zəfərin deyil, həm də qlobal, humanitar və intellektual müzakirələrin mərkəzinə çevrilmişdir. Qədim tarixi şəhərimizin ev sahibliyi etdiyi beynəlxalq media forumları qısa müddətdə media nümayəndələrini, rəqəmsal sahə üzrə ekspertləri və dövlət rəsmilərini bir araya gətirən nüfuzlu platforma olaraq özünü təsdiqləmiş, təkcə Azərbaycanın deyil, həm də geniş coğrafiyanın ən mühüm media, fikir mübadiləsi və diplomatik dialoq məkanlarından biri kimi beynəlxalq nüfuz qazanmışdır. Bu ənənənin davamı olaraq iyulun 13-də işinə başlayan IV Şuşa Qlobal Media Forumu beynəlxalq mətbuatın və analitik dairələrin diqqət mərkəzinə çevrilmiş, “Sülhün təşviqində medianın missiyası həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunmuşdur. Tədbirdə 53 ölkədən 160 qonağın, o cümlədən 30 xəbər agentliyinin nümayəndələrinin, 60-dan artıq media qurumunun, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın iştirak etməsi platformaya olan qlobal marağın bariz göstəricisi, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın və informasiya məkanında mühüm dialoq təşəbbüslərinin müəllifi kimi mövqeyinin əyani təzahürüdür. Bu geniş beynəlxalq iştirak həm də ölkəmizin söz və fikir mübadiləsinin təşviq olunduğu, aktual qlobal çağırışların müzakirə edildiyi, media sahəsində əməkdaşlığın genişləndirildiyi etibarlı platforma yaratmaq imkanlarını nümayiş etdirərək Azərbaycanın regional və beynəlxalq gündəliyin formalaşmasına töhfə verən nüfuzlu dövlət kimi qəbul edildiyini bir daha təsdiqləyir. IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı və jurnalistlərin suallarına verdiyi dərin məzmunlu cavablar özündə qlobal gündəmi əhatə edən mühüm istiqamətləri birləşdirməklə, beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi proseslərə, regional təhlükəsizlik məsələlərinə, enerji təhlükəsizliyinə, rəqəmsal transformasiyaya, informasiya mühitində yaranan yeni çağırışlara, eləcə də Azərbaycanın daxili və xarici siyasət prioritetlərinə aydın və ardıcıl baxışı ortaya qoydu. Dövlət başçısının səsləndirdiyi fikirlər ölkəmizin müstəqil, prinsipial və milli maraqlara əsaslanan siyasətini bir daha nümayiş etdirməklə yanaşı, Azərbaycanın regional və qlobal əməkdaşlığın inkişafına verdiyi töhfələri, sülhə, sabitliyə və qarşılıqlı etimada əsaslanan beynəlxalq münasibətlər sisteminin möhkəmləndirilməsi istiqamətində nümayiş etdirdiyi ardıcıl mövqeni də əks etdirdi. Prezident İlham Əliyevin çıxışı həm də Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə söykənən xarici siyasət kursunun, çoxtərəfli əməkdaşlığa verdiyi önəmin və qlobal çağırışlara məsuliyyətli yanaşmasının əyani ifadəsi kimi diqqət çəkdi. Şuşada təşkil olunan forum, eyni zamanda, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma siyasətinin, dayanıqlı inkişaf konsepsiyasının və Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlərin beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Forum iştirakçılarının bölgəyə səfərləri, həyata keçirilən layihələrlə yaxından tanış olmaları və dəyişiklikləri əyani şəkildə müşahidə etmələri Qarabağın dirçəlişi haqqında həqiqətlərin dünya mediasında daha dolğun və obyektiv şəkildə işıqlandırılmasına, eyni zamanda Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən daha dərindən dərk edilməsinə mühüm töhfə verir. Forum bir daha sübut etdi ki, Şuşa artıq qlobal geosiyasi, ekoloji inkişaf və media gündəmini müəyyən edən ən mühüm regional mərkəzlərdən biridir.
