YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Humanizm prinsiplərinə əsaslanan Türk Dövlətləri Birliyi

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Dünyada türk dilində danışan əhalinin sayı 200 milyon nəfərdən çoxdur. Türk dövlətlərinin böyük və qədim tarixi, eyniköklü xalqa mənsubluğu, zəngin mədəniyyəti, eyni dini inancları və zəngin adət-ənənələri kimi bir çox ortaq cəhətləri vardır.  Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan olmaqla, ümumtürk birliyinin yaranması türk dövlətləri arasında beynəlxalq münasibətlərin bütün sahələrində müstəqil əlaqələrin qurulmasına, həmçinin bu dövlətlərin əməkdaşlığına, inkişafına geniş imkanlar açır. Böyük tarixi keçmişi olan odlar yurdu Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq çərçivəsində ticarət, iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verərək üzv dövlətlərin ərazilərindən keçən Mərkəzi Nəqliyyat Dəhlizi boyunca səmərəli nəqliyyat əməliyyatlarının davamlı, mərkəzləşmiş və asan keçidinə əngəl yaradan mövcud maneələrin aradan qaldırılması, Xəzər dənizi və Qara dəniz limanları arasında əlaqələrin inkişafı, regionun nəqliyyat, logistika, kommunikasiya potensialının artırılması, Xəzər dəniz keçidinin nizamlanması istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir.  Dövlətimizin başçısı bugünədək dəfələrlə Türk dövlətlərində səfərdə olmuş, orada təşkil edilən mötəbər tədbirlərdə iştirak etmişdir. Cari ilin dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən dövlətimizin başçısı mühüm məsələləri qeyd edib, Türk dövlətlərinin bütün məsələlərdə həmrəylik göstərməsinin vacib əhəmiyyətindən söhbət açıb. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu, rekord göstəricidir. Bəli, Türk dövlətləri ilə münasibətlərin yüksək səviyyədə olması bizim üçün perspektivli, firavan gələcəyin təmin edilməsinə xidmət göstərir.

Partiyamızın Sədri, dövlət başçısı İlham Əliyev çıxışı zamanı bütün sahələr üzrə hərtərəfli əlaqələrin inkişaf etdirilməsi, eləcə də mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin  açılışı məsələsinə də diqqət çəkib. Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Səfər çərçivəsində Prezident İlham Əliyevin həm qardaş Türkiyə, həm də qardaş Türkmənistan dövlətlərinin liderləri ilə ikitərəfli görüşləri baş tutmuşdur.

Dünya ölkələri yaxşı bilir ki, Zəngəzur qədim Azərbaycan torpağıdır. Ümumilikdə isə Ermənistan öz öhdəliyini icra etməli və başa düşməlidir ki, dəhlizin açılması regiondakı dövlətlər üçün böyük ticari gəlir mənbəyi vəd edir. Eyni zamanda Zəngəzur dəhlizinin açılışı ilə regiona əbədi sülh gələcəkdir. Fakt odur ki, Ermənistan siyasi rəhbərliyi və onun riyakarlıq edən havadarları bizim haqq işimizə və əbədi sülhə qarşı olan xain əməllərindən əl çəkib, ədalətli və konstruktiv mövqe sərgiləməlidir.

Zirvə görüşü bir daha təsdiq etdi ki, Türk dövlətləri günbəgün güclənir, qardaşlıq və dostluq münasibətləri bu ölkələrin xarici siyasətində prioritet təşkil edir, dövlətlərimiz beynəlxalq müstəvidə etibarlı tərəfdaş rolunu oynayır, həmçinin biz şahid oluruq ki, bu gün Türk Dövlətləri Birliyi dünyada sülhün bərqərar olmasına öz layiqli töhfəsini verən və humanizm prinsiplərinə əsaslanan dövlətlərin sarsılmaz birliyidir.

DİGƏR Xəbərlər Arxiv