YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Müasir Azərbaycanın qurucusu və memarı Ulu öndər Heydər Əliyevin vəfatından 19 il ötür. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan bir sıra tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları olmuşdur. Onlar zaman-zaman xalqımızın tarixində gördükləri böyük işlər və əməllərlə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının unudulmaz rəhbəri, görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki tarix boyu Azərbaycanın dövlət xadimlərindən yalnız o, ümummilli lider səviyyəsinə yüksəlmişdir.

Heydər Əliyevin 1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başladığı elə ilk günlərdən respublikanın inkişaf prosesləri başlayıb. Ulu Öndər Heydər Əliyevin yenilikçi təşəbbüsləri ilə həyata keçirilən genişmiqyaslı islahatlar yeni iqtisadi potensialın formalaşdırılmasına, o cümlədən sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə təkan verib. Həmin dövrdə ermənilərin Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı niyyətləri məhz türk dünyasının böyük oğlu Heydər Əliyevin qətiyyəti, vətənpərvərliyi nəticəsində həyata keçməyib. 

1990-cı ilin əvvəlində yenicə müstəqillik qazanmış Azərbaycanda dövlət idarəçiliyi, ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Ölkəmizdə şəxsi maraqlarını milli maraqlardan üstün tutan, siyasi səriştəsizliyi və yarıtmaz fəaliyyəti ilə, öz ambisiyaları naminə müxtəlif xarici dövlətlərin diktəsi ilə hərəkət etməkdən çəkinməyən AXC-Müsavat tandeminin hakimiyyəti dövlətimizi və xalqımızı uçuruma aparmışdı. Torpaqlarımızın itirilməsi, vətəndaş müharibəsi kimi faciələrlə qarşı-qarşı qalmağımız isə tariximizin ən ağrılı səhifələrindən biridir.

1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşdirilməsinin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya ölkəmizin bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu, vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan ölkəsinin yaranmasında ən böyük rola malik olan azərbaycançılıq ideyası idi.

Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ həyata keçirdiyi neft strategiyası Azərbaycan dövlətinin gələcəyi üçün böyük əhəmiyyət kəsb etmişdir. 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkələrini təmsil edən 13 məşhur neft şirkəti arasında “Əsrin müqaviləsi” imzalanmışdır. Müqavilənin bağlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev misilsiz rol oynamışdır. “Əsrin müqaviləsi” nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatının bütün sahələrində dönüş yarandı. Bununla da Azərbaycan gələcək inkişafını təmin edəcək güclü hərtərəfi inkişaf etmiş iqtisadiyyatının möhkəm təməli qoyuldu.

Ümumilikdə 1993-2003-cü illər Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olması təmin edilərək, Azərbaycan tarixinin bu şərəfli dövründə güclü sosial siyasəti formalaşdırmaqla daim gücləndirilməsinə, pensiya və müavinətlərin 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqının 6 dəfədən çox artırılmasına nail olundu. MDB məkanında ilk dəfə Azərbaycan yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsinin, Demoqrafik İnkişaf Konsepsiyasının, məşğulluq, əmək miqrasiyası və s. sahələrlə bağlı qanunların, əlilliyin qarşısının alınması və reablitasiyası üzrə ilk dəvlət proqramının qəbul edilməsi, pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurularaq təkmilləşdirilməsi üçün islahatlara başlanması təmin edildi.

Ulu öndər 2003-cü ilin 12 dekabr tarixində cismən bizlərdən ayrılsa da, ideyaları və əziz xatirəsi hər zaman bizimlədir.

Bütün mənalı həyatını ölkəsinin tərəqqisinə, xalqının rifahının yüksəlməsinə həsr edən ulu öndərin Azərbaycan üçün gördüyü misilsiz xidmətləri Azərbaycan xalqı heç zaman unutmur və unutmayacaq. Nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı yaşayır, Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.