YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər paradı xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazıldı

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Erməni təxribatına cavab olaraq 2020-ci ilin 27 sentyabrında başlanan növbəti əks-həmlə Xalq-Ali Baş Komandan-Ordu birliyi sayəsində 44 gündə Zəfərlə başa çatdı. Tariximizin Zəfər mərhələsinin başlanmasını göstərən bu vaxtdan cəmi 2 il ötməsinə baxmayaraq dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində Şəhidlərimizin canı və qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. Son iki onillikdə Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin səyi ilə ölkə iqtisadiyyatının gücləndirilməsi, valyuta ehtiyatlarının yaradılması, ordunun müasir texnika ilə təchiz edilməsi və diplomatiya sahəsində qazanılan uğurlar Azərbaycan Ordusunun zəfər yürüşünə başlamasına tarixi şərait yaratdı. Həm də uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində aparılmış böyük işlər öz səmərəsini vermişdi. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan Ordusu qəhrəman, yenilməz, məğrur xalq olduğumuzu bir daha dünyaya nümayiş etdirdi. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin müqəddəratını həll etdi. Noyabrın 10-da Ermənistanın baş naziri kapitulyasiya aktına imza atdı. Bundan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atılmadan özümüzə qaytarıldı.

İki il öncə dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazıldı. Azadlıq meydanı ilk dəfə idi ki, Zəfər paradına şahidlik edirdi. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak edirdi. Zəfər paradını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdilər. Yerli və xarici rəsmi qonaqların, diplomatik korpus nümayəndələrinin də qatıldığı paradı iki ölkə rəhbərinin birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Zəfər paradı həm də ona görə bu qədər qürurverici idi ki, Azadlıq meydanından azərbaycan və türk əsgərləri çiyin-çiyinə keçirdilər. Ölkəmizin hər bir bölgəsinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi Ulu Öndərin bir millət, iki dövlət şüarının təsdiqi və iki dövlət arasında qardaşlıq münasibətlərinin rəmzi idi.

Zəfər paradında ilk olaraq Şuşa azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan zəfər bayrağının gətirilməsi də rəmzi məna kəsb edirdi. 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilən Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirdiyi kimi “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu, Zəfər paradıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

Həmçinin paradda müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qisminin nümayiş olunması qələbəmizin möhtəşəmliyini bütün dünyaya bir daha göstərdi.