YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər paradı Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığının nümayişi oldu

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Hərbi qüdrətimizin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradından ötən iki il Azərbaycanın həyatında hansı əlamətdar hadisələrlə yadda qalıb? Təbii ki, hər bir tarixi gün keçilən yola qısa nəzər salmağı, gələcəklə bağlı hədəfləri açıqlamağı bir zərurət kimi qarşıya qoyur.

İki il bundan öncə tarixi Zəfərimizin sevinci, qüruru fonunda Zəfər paradını keçirdik. Bu parad özəlliyi ilə diqqət çəkdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır: “Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

 Hər bir vədini real addımları ilə təsdiqləyən dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində 30 illik işğala son qoyuldu, ədalət bərpa edildi, torpaqlarımız tarixi sahibinə qayıtdı. Cənab İlham Əliyev adını tarixə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı. Zəfər paradının özəlliyini təsdiqləyən mühüm məqamlardan biri Azərbaycan və Türkiyə Prezidentlərinin çiyin-çiyinə dayanaraq  paradı birgə qəbul etmələri oldu. Bu mühüm addım beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından  keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Məhz paraddakı çıxışında Türkiyə Prezdienti Rəcəb Tayyib Ərdoğan bu məqamı xüsusi qeyd etdi ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək.” Dövlət başçısı İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin ərəfədə ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək sənədlərin imzalanmasından sonra mətbuata bəyanatlarında əksini tapan fikirlər postmünaqişə dövrünün hədəfləri barədə aydın təsəvvür yaradır. Məhz ötən il bu birliyin, dostluğun, qardaşlığın, müttəfiqliyin rəsmiləşdirilərək Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlərimizin hazırkı və gələcək inkişafının yol xəritəsi təqdim edildi. 

Reallıq budur ki, bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız deyil, bölgə, dünya üçün çox böyük önəm daşıyır. Çünki iki dost, qardaş, mütəffiq ölkənin  siyasəti əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Əsas hədəflərdən biri  bölgədə yeni bir işbirliyi platformasının yaradılmasıdır. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.

10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradı Azərbayan-Türkiyə dostluğunun sarsılmazlığını dünyaya təqdim etməklə yanaşı, Azərbaycan xalqının yenilməzliynin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunun da nümayişi oldu. Xalq-Prezident-Ordu birliyi sayəsində 30 ilin işğalına son qoyulması özündə bütün məqamları ehtiva edir.

Azərbaycan dastan yazmaqda davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri geniş miqyas alıb. Böyük Qayıdış proqramı uğurla icra edilir. Tezliklə soydaşlarımızın doğma yurd-yuvalarına tam şəkildə qayıdışının, Qarabağda və Şərqi Zəngəzurda yeni həyatın başlanmasının sevincini yaşayacaq, Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar yaranacaq. Son iki ilin mühüm addımları sırasında yer alan iqtisadi rayonların yeni bölgüsünün aparılması dünyaya bir sıra mesajları çatdırdı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması bir daha Qarabağ münaqişəsinin tarixə qovuşduğunun, bu torpaqların tarixi sahibində olduğu üçün sevincli anlarını, bərpa-quruculuq mərhələsini yaşadıqlarının təsdiqi oldu.