YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Orta Dəhlizin reallaşdırılmasında təhlükəsizlik və güclü iqtisadiyyat amili

Azər Süleymanov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Dünyada sülhün və təhlükəsizliyin qorunması, qarşılıqlı faydalı əməkdaşlıq, beynəlxalq prinsipləri xarici siyasətində əsas tutan Azərbaycan qlobal xarakterli ədalətli təşəbbüslərə dəstək verir. Azərbaycan Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi olaraq ölkəmiz bölgədə və dünyada layiqli yerini tutaraq, regional liderliyini təmin edib. Çağdaş dünyamızda regional, eləcə də beynəlxalq layihələrin, tədbirlərin ölkəmizin iştirakı və təşəbbüsü ilə gerçəkləşməsi, sözsüz ki, Azərbaycanda hökm sürən sabitliyin, təhlükəsizliyin olması ilə yanaşı, düşünülmüş uğurlu xarici siyasətin, dünya ölkələri ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlığın məntiqi nəticəsidir.

Ən qlobal mahiyyət kəsb edən və dünyanın maraq əhatəsində olan mövzuların müzakirə olunduğu Azərbaycan 44 günlük Vətən müharibəsində tarixinə yazdığı Zəfərdən sonra ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə əsasən, sülhün və təhlükəsizliyin davamlı olması, işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə xüsusi olaraq diqqət yetirir. Bu günlərdə noyabrın 25-də Bakıda, ADA Universitetində dünyanın beyin mərkəzlərinin, tanınmış siyasi ekspertlərin iştirakı ilə keçirilən "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" beynəlxalq konfrans Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında çox mühüm əhəmiyyət kəsb edir. Üçüncü dəfədir ki, ölkəmizdə keçirilən bu konfrans mühüm hadisələrin müzakirəsində önəmli platformaya çevrilib.

Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları, Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları kimi məsələlərə toxunulub və bu aspektdə fikir mübadiləsi aparılıb. Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan öz ənənəsinə sadiqliyini hər zaman sərgiləyir. Konfransda çıxışı zamanı istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən birinin sabitlik olduğunu diqqətə çatdıran Cənab Prezident "Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq", – deyərək istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən birinin sabitlik olduğunu vurğulayıb. Dünyada sabitlik adası kimi tanınan Azərbaycanın iqtisadi inkişafı genişmiqyalı layihələrin icrasına imkan verir. "Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir", - deyə Prezident qeyd edib.

Azərbaycanın coğrafi mövqeyinin üstünlüyünə toxunan dövlət başçısı ölkəmizin Avropa ilə Asiyanın arasında yerləşdiyini və ölkəmizin coğrafi mövqeyinin əməkdaşlığının bütün istiqamətlərdə inkişaf etdirilməsi üçün əlverişli olduğunu bildirib: "Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük". Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıbdır. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Çindən gələn ilk qatar Bakı-Tbilisi-Qars dəmir yolundan keçərək Avropaya çatmışdır. Milli iqtisadiyyata təkan verəcək, daşınma xərclərini azaldacaq dəmir yolu sistemi müasirləşdirilib və bu proses davam etməkdədir. "İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə bizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Eyni zamanda, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır", - deyə Prezident diqqətə çatdırıb. Əlbəttə ki, dünya iqtisadiyyatının dayanıqlığını təmin etmək üçün Orta Dəhliz layihəsi mühüm əhəmiyyət kəsb edir, İqtisadi inkişaf, sabitlik və təhlükəsizlik kimi amillər, eləcə də mövcud geosiyasi və geoiqtisadi şəraitdən faydalanmaqla Azərbaycan öz inkişafının yeni bir mərhələsinə qədəm qoyacaqdır.