YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qanun ölkəmizdə siyasi münasibətlərin inkişafına böyük töhfə verəcək

“Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi günün tələbidir. Çünki qüvvədə olan qanun 1992-ci ildə qəbul olunub və ötən 30 il ərzində ictimai-siyasi həyatımızda, siyasi münasibətlərdə  mühüm dəyişikliklər baş verib. Bütün bunlar yeni qanunun hazırlanıb qəbul olunmasını zəruri edir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin genişmiqyaslı islahatlarının təzahürü olaraq cəmiyyətimizdə yeni siyasi konfiqurasiya formalaşıb.  Yeni siyasi konfiqurasiya siyasi partiyalar arasında yeni münasibətləri, dialoq mühitinin inkişafını özündə ehtiva edir. Məhz bu səbəbdəndir ki, bir çox məsələlərdə siyasi partiyalar konstruktiv əməkdaşlıq edirlər. Bu islahatların nəticəsidir ki, Milli Məclisin rəhbərliyində, eləcə də komitə sədr və müavinləri arasında siyasi partiyaların, o cümlədən müxalifət partiyalarının nümayəndələri təmsil olunur. Bu fakt həm də, ölkəmizdə siyasi dialoqun inkişafının nümunəsidir. Eyni zamanda, son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması da məmnunluq doğuran amillər sırasındadır. 44 günlük Vətən müharibəsində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti birgə bəyanatla çıxış edərək Ali Baş Komandan, Prezident İlham Əliyevə və rəşadətli Ordumuza dəstək nümayiş etdirdilər. Beləliklə, Vətən müharibəsində tarixi Zəfərdən sonra ölkədə formalaşmış siyasi konfiqurasiya, yeni siyasi dialoq mühiti və dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını, yeni qanunun hazıranmasını zəruri etmişdi. Bunun məntiqi nəticəsi olaraq, bir neçə ay öncə parlamentdə təmsil olunan 11 siyasi partiya Milli Məclisin rəhbərliyinə müraciət edərək yeni qanun layihəsinin hazırlanmasını təklif etdilər. Ötən dövrdə yeni qanun hazırlanaraq ərsəyə gətirildi, ölkədə fəaliyyət göstərən siyasi partiyalara qanunla bağlı təkliflər vermələri tövsiyə alındı. Bir çox partiyalar sənədlə bağlı öz təkliflərini verdilər. Yeni qanun layihəsi ilə bağlı parlamentdə ictimai dinləmələrin keçirilməsi də bu yöndə müsbət addım oldu.

S.Fətəliyevanın sözlərinə görə, Milli Məclis bu tip dinləmələrə və müzakirələrə hər zaman açıq olduğunu bəyan etməklə ictimai rəyin öyrənilməsində maraqlı olduğunu bir daha ifadə etmiş oldu. Qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclis tərəfindən başlanan yeni proses cəmiyyətdə baş verən hadisələrin, sosial-siyasi tələblərin daha dolğun qiymətləndirilməsinə xidmət etməklə, onun elmi əsaslarının daha da möhkəmləndirilməsinə fayda verəcək. Artıq qanun layihəsində siyasi partiyalar tərəfindən irəli sürülən bir çox təkliflər nəzərə alınıb.

“Yeni qanun hazırlanarkən Avropa ölkələrinin də mütərəqqi qanunvericiliyinin təcrübəsi öyrənilib.  Çünki ötən illər ərzində bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib və bu sahədə olan təcrübənin Azərbaycan qanunvericiliyində tətbiqi zəruridir. Yeni qanun layihəsində siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər və digər məqamlar əksini tapır. Hesab edirəm ki, yeni qanunun qəbulu ölkəmizdə siyasi münasibətlərin inkişafına, partiyaların cəmiyyət həyatında iştirakçılığının artmasına böyük töhfələr verəcək”, - deyə deputat vurğulayıb.