YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniya səfəri əməkdaşlığın inkişafına mühüm töhfə verəcək

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Bu gün reallıq ondan ibarətdir ki, siyasi əlaqələrin əsasını ilk növbədə iqtisadi əməkdaşlıq və inteqrasiya təşkil edir. Qloballaşan dünyada ilk növbədə iqtisadi və regional maraqlar üstünlük təşkil edir. Belə bir situasiyada hər bir dövlət həm iqtisadi maraqlarının təmin edilməsinə, həm də bu kontekstdən çıxış edərək siyasi çıxarların gəlişməsinə ciddi maraq göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü iqtisadi siyasət və diplomatik gedişlər kifayət qədər maraqlı və cəlbedicidir. Onun bir-birinin ardınca gerçəkləşdirdiyi xarici səfərlər Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və iqtisadi maraqlarımızın təmin edilməsi baxımından olduqca qiymətlidir. Məhz bu siyasət 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin beynəlxalq aləmdə imicinin daha yüksək vüsət almasına gətirib çıxarmışdır.

Noyabrın 15-də ölkə başçısının Albaniya Respublikasına səfəri və bu səfərlə bağlı mətbuata verdiyi bəyanatda Azərbaycanın suveren hüquqlarının daim qorunacağı, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bütün dövlətlərlə dost və qardaşlıq münasibətlərinə dərin hörmətlə yanaşılacağı, qarşılıqlı iqtisadi əməkdaşlığın yükəslən xətlə  vurğulanmışdır.

Bu baxımdan Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Dövlət başçısının 15 noyabrda Albaniyaya səfərinin mahiyyətini və perspektivlərini özündə ehtiva edən  mətbuata bəyanatında cənab İlham Əliyev bu ölkəyə ilk dəfə səfər etdiyini bildirərək belə bir əminliyi ifadə etdi ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.

Bəyanatda ölkə başçısı 2-ci Qarabağ müharibəsinin nəticələrinə toxunaraq bir daha vurğuladı ki, Azərbaycan, nəinki bu müharibədə öz əzəli torpaqlarını işğalçılardan azad etdi, eyni zamanda beynəlxalq hüququ bərpa etdi. Prezident qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə Ermənistanın məhəl qoymaması bir tərəfə, eləcə də beynəlxalq ictimaiyyət, beynəlxalq birlik sadəcə göz yumaraq işğalçı Ermənistana heç bir sanksiya tətbiq etməmişdi. Əksinə, indi suverenlikdən, ərazi bütövlüyündən ağızdolusu danışan ölkələr Azərbaycan torpaqları işğal ediləndə, maddi-mədəniyyət abidələrimiz dağıdılanda susmağa üstünlük vermişdilər.

Ölkə başçısı bütün dünya qarşısında bir daha təkzibolunmaz faktlarla bəyan etdi ki, “Azərbaycan ərazisinin 20%-ni işğal etmək böyük cinayətdir. Eləcə də işğal olunmuş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Məhz,  bu mənada Azərbaycan dövləti və xalqının 44 gün ərzində apardığı müharibə tarixi ədalətin bərpa edilməsi uğrunda aparılan haqq savaşı idi. Bu haqqın təntənəsinin nəticəsidir ki, azad edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Tədricən Azərbaycan xalqı öz torpaqlarına qayıdır. Bu o deməkdir ki, azad edilmiş torpaqlarda bütövlükdə həyat  qayıdır”.

Azərbaycan Prezidentinin Albaniya Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə görüşlərində əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olundu. Onu da qeyd edək ki, Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Gələn il bu tarixin 30-cu ildönümü olacaq. Bu münasibətlə 2023-cü ildə Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. Azərbaycan ilə Albaniya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Bu ölkənin prezidentləri Azərbaycana 5 işgüzar, baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfərlər etmişlər. Münasibətlərdə açılan yeni səhifənin daha da zənginləşdirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu xüsusi qeyd edildi.

Hər iki dövlət arasında önəmli əməkdaşlıq məsələlərinə diqqəti cəlb edən Prezident İlham Əliyev Azərbaycan-Albaniya şirkətlərinin birgə fəaliyyətində enerji sektorundan başqa qarşılıqlı sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı və digər sahələrin də xüsusi önəm kəsb etdiyini vurğulamışdır.

Albaniyada bu günə qədər qaz şəbəkəsinin yaradılmadığını qeyd edən ölkə başçısı bu sahədə Azərbaycanın investor kimi iştirak edə biləcəyini xüsusi olaraq vurğulamışdır. O, həmçinin böyük məmnunluq hissi ilə bildirmişdir ki, Azərbaycan-Avropa ittifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Məlum bəyanatda, həmçinin Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platformasına toxunan dövlət rəhbəri NATO-ya üzv olmayan ölkələr sırasında Əfqanıstanda keçirilən NATO-un sülhməramlı missiyasında Azərbaycanın birincilər sırasında olduğunu diqqətə çatdırmış və qeyd etmişdir ki, Əfqanıstandan çıxan son iki ölkə məhz Türkiyə və Azərbaycan olmuşdur. Məhz Albaniya NATO üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya səfəri, mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər bir daha sübut edir ki, bu səfər əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək, dövrün çağırışlarına cavab olaraq dövlətlərarası inkişafa müsbət təsirini göstərəcəkdir.