Xəbərlər
İtaliya hökuməti TAP-ın inşasına başlanılacağı tarixi açıqlayıb
İtaliya hökuməti Trans-Adriatik qaz boru kəmərinin – TAP tikintisinə başlanılacağı tarixi açıqlayıb.
İqtisadi inkişaf naziri Federika Quidi bununla bağlı sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, İtaliya hökuməti Azərbaycanın təbii qazını Avropaya çatdıracaq TAP-ın inşasına və istismarına icazə verir. Boru kəmərinin tikintisinə 2016-cı il mayın 16-da başlanacaq və 2020-ci il dekabrın 31-dək sona çatdırılacaq.
Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoidə Trans-Anadolu qaz boru kəmərinə - TANAP birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün imkanlar yaradır.
TAP-ın səhmdarlarının bu layihədə payı belədir: bp - 20 faiz, SOCAR - 20 faiz, Statoil - 20 faiz, Fluksiz - 19 faiz, Enagas - 16 faiz və Axpo - 5 faiz.