YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Dövlətləri Təşkilatı regionun əsas güc mərkəzinə çevriləcək

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə iştirakı bir çox məqamdan böyük əhəmiyyət kəsb edirdi. Azərbaycan və Özbəkistan dövlətləri arasındakı münasibətlər qədim tarixi köklərə söykənməkdədir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. XX əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün isə 40 mindən çox soydaşımız Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edirlər. Bu səfərin Azərbaycan - Özbəkistan ikitərəfli münasibətlərinin yüksək intensivliyinin bir göstəricisi kimi çıxış etdiyi diqqəti cəlb edir. Məlum olduğu kimi, dövlət başçımız son 7 ayda üçüncü dəfə Özbəkistana səfər edib.  Prezident İlham Əliyevin aprel ayında bu ölkəyə etdiyi dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirakı və daha sonra isə noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı zamanı aparılan müzakirələr onu deməyə əsas verir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da dərinləşməkdədir.

Prezident İlham Əliyev öz çıxışında həmçinin Ermənistanın hərbi təxribatlarından danışarkən bildirmişdir ki: “İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu. Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.”

Həmçinin Prezident İlham Əliyev çıxışında bildirdi ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir və Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının ana dilində təhsil almaq hüququndan məhrum olduğunu bildirən Prezident Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almasının daim təşkilatın gündəliyində olmalı olduğunu bildirməsi çox mühüm mesaj idi və bu mesajın Türk dövlətlərinin liderlərinin iştirak etdiyi toplantıda səsləndirilməsi onun təsirini ikiqat artırır.

Türk Dövlətləri Təşkilatının Özbəkistanda keçirilən Zirvə görüşü Türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi baxımından vacib addımların atılmasını zəruri edir. Zirvə görüşündə üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın müzakirəsi, regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsinin aparılması onu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatı artıq bir qurum kimi özünü təsdiq edib və beynəlxalq platformalarda da öz layiqli yerini tutub.

Azərbaycan dövlətinin xarici siyasət kursunun əsas prioritet istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Ölkəmiz hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfələrini verib və bundan sonra da bu kursa sadiq qalacaq.