YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətin əsas qanunu

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Hər bir ölkənin tarixində ictimai-siyasi əhəmiyyət kəsb edən hadisələrdən biri də Konstitusiyanın, yəni, dövlətçiliyin və cəmiyyətin fəaliyyətinə hüquqi təminat yaradan əsas qanunlar toplusunun qəbul edilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. Demokratik dəyərlərə əsaslanan Konstitusiyamızın təkmilləşdirilməsi istiqamətində son dövrlərdə bəzi addımlar atılıb və bütün bunlar da, əslində, hakimiyyətin idarə edilməsində müasir tələblərdən irəli gələn dəyişikliklərdir.

Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi məqsədilə zəruri hüquqi islahatlar həyata keçirilib. 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq referendumlarında xalq haqlı olaraq hüquqi zəmində yenilikləri dəstəkləyib və dövlətin siyasi xəttinə fəal dəstəyini bildirib. Bu dəyişikliklərdə, əsasən icra mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub və insanlar öz hüquqlarının etibarlı təmin edilməsi məqsədilə referendumda fəal iştirak edərək dövlətin milli maraqlarını ifadə ediblər. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.