YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Bakı şəhərinin Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə yaradılan Dövlət Komissiyasının tərkibinə Azərbaycan Respublikasının baş prokuroru, daxili işlər, fövqəladə hallar, milli təhlükəsizlik, səhiyyə, maliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirləri və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı daxil edilib.

Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını, zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini, xəsarət alanların müalicəsini təmin etmək tapşırılıb. Həmçinin Komissiya yaşayış binasının istifadəyə yararlılıq vəziyyətini araşdırmalı, onun sakinlərinin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görməli və həyata keçirilən işlər haqqında mütəmadi məlumat verməlidir.

Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinə tapşırılıb ki, baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirləri həyata keçirsinlər.