YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Meksikada Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ikinci ildönümü münasibətilə Meksikada rəsmi qəbul təşkil olunub.

Meksika Senat və Deputatlar palatasının, habelə digər dövlət və hökumət qurumlarının rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli KİV təmsilçiləri, işgüzar və elmi dairələr, gənclər və icma təşkilatları üzvlərinin iştirakı ilə mərasim baş tutub.

Tədbirdə Meksikadakı səfirimiz Məmməd Talıbov qonaqlara iki il bundan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə uyğun olaraq, 44 günlük müharibə nəticəsində 30 ilə yaxın davam edən işğala son qoyulduğu barədə məlumat verib. İllər öncə erməni təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş uşaqların canları bahasına 2020-ci ildə Azərbaycan tarixi torpaqlarını düşmən işğalından azad etdiyini diqqətə çatdırıb. Bu xüsusda tədbir iştirakçılarını Vətən müharibəsində şəhid olan əsgərlərimizin və erməni terrorunun günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Daha sonra keçmiş münaqişənin tarixindən bəhs edən diplomat Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu, erməni təcavüzü nəticəsində 1 milyona yaxın insanın öz yurdlarından didərgin düşdüyünü, burada etnik təmizləmə və soyqırımı aparıldığını, bu illər ərzində həmin ərazilərin kütləvi minalanmaya məruz qaldığını, Azərbaycanın tarixi və mədəni abidələrinin dağıdıldığını qeyd edib. O, Meksika tərəfinin hər zaman beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini vurğulayaraq, bu xüsusda ölkə Konqresi tərəfindən ölkəmizə qarşı erməni təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edilməsinə görə bir daha təşəkkürünü bildirib.

Səfir həmçinin soydaşlarımızın öz evlərinə qayıtmasına münasibətdə mövcud maneələr, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində Azərbaycan tərəfindən görülən işlərdən bəhs edərək, regionda yeni nəqliyyat infrastrukturunun qurulduğunu, bu xüsusda qısa müddət ərzində Füzuli və Zəngilanda hava limanlarının açıldığını vurğulayıb. Yeni avtomagistral və dəmir yollarının salındığını, bu ilin iyul ayında Ağalı kəndində ilk sakinlərin yerləşdirilməsi prosesinə başlandığını, uzun illərdən sonra burada açılmış təhsil ocağında məktəblilərin tədris almağa başladığını qürur hissi keçirərək bildirib.

Azərbaycanın bölgədə davamlı sülh və əməkdaşlıq mühitinin yaradılması üzrə ortaya qoyduğu səylərdən bəhs edən təmsilçimiz, Ermənistanla münasibətlərin normallaşdırılması, həmçinin nəqliyyat dəhlizinin qurulması üçün Azərbaycan tərəfindən müvafiq addımların atıldığını diqqətə çatdırıb. Azərbaycanın Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu, bu istiqamətdə 5 əsas prinsipin təklif edildiyini, lakin qarşı tərəfin müxtəlif bəhanələrlə bu prosesi gecikdirdiyini qeyd edib.

Tədbirdə çıxış edən Senatın üzvü, daha öncə Meksika Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq qrupunun sədri olan Navor Alberto Roxas Mansera Azərbaycanın öz tarixi torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı xalqımıza təbriklər çatdırıb. Habelə Azərbaycanla Meksika arasında mövcud olan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərindən, eləcə də xalqlarımızı yaxınlaşdıran tarixi-siyasi və mədəni-mənəvi dəyərlərdən söz açıb.

Mərasimdə Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş torpaqlarda aparılan yenidənqurma və bərpa işlərindən, habelə Azərbaycanın mədəniyyəti və turizm imkanlarından bəhs edən videoçarxlar nümayiş etdirilib, həmçinin zəngin milli mətbəximizin nümunələrindən ibarət ziyafət təqdim olunub.

Bununla yanaşı, tədbirdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illik yubileyi ilə əlaqədar, şəhərin tarixi, mədəniyyəti və orada keçirilən beynəlxalq mədəni tədbirləri özündə əks etdirən şəkillərdən ibarət sərgi nümayiş etdirilib.