YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Son iki il ərzində Silahlı Qüvvələrimiz daha da güclənib

Son iki il ərzində Silahlı Qüvvələrimiz daha da güclənib. Həm struktur islahatları, həm yeni birləşmələrin yaradılması, eyni zamanda, mövcud birləşmələrin sayının artırılması, silah-sursatla təchizat, yeni texnika ilə təchizat ən yüksək səviyyədədir.

Bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdəki çıxışında Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində görülən işlərdən danışarkən bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, indiki Azərbaycan Ordusu iki il bundan əvvəlki Azərbaycan Ordusundan daha güclüdür və bunu hər kəs, Ermənistan da bilməlidir.

Qələbəyə aparan yolun müxtəlif istiqamətlərdən keçdiyini qeyd edən Azərbaycan Prezidenti deyib: “Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq. Bununla paralel olaraq, ölkədə uzun illər ərzində daxili sabitlik, əmin-amanlıq, təhlükəsizlik, əlbəttə ki, bizi gücləndirirdi. Çünki yenə də deyirəm, mən heç vaxt müqayisə aparmaq istəmirəm, - amma indiki dünyada heç nəyi gizlətmək mümkün deyil, hər şey göz qabağındadır, - bir çox ölkələr daxili problemlərin içində çabalayır, bir çox ölkələrdə daxili böhran hökm sürür, qarşılıqlı inamsızlıq, ictimai asayişin pozulması, xalq-iqtidar arasındakı uçurum. Bizdə nə görürük - daxili sabitlik, milli birlik, milli həmrəylik, xalq-iqtidar birliyi. Bax, bu, bizim siyasətimizin böyük nəticəsidir”.

Dövlətimizin başçısı bildirib ki, Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlar Azərbaycanın gücləndirilməsinə yönəldilib.

“Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq. Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. Düşmənə elə sarsıdıcı zərbə endirdik ki, bu günə qədər özünə gələ bilmir. İndi Ermənistanda gedən proseslərə baxın, indi onlar öz hirsini, öz zəhərini artıq öz aralarında bölüşürlər. Görün, bu iki il ərzində orada hansı proseslər gedir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.