Xəbərlər
Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Mayın 15-də Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov litvalı həmkarı Andrius Krivas ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə X. Xələfov Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib. O, siyasi məsləhətləşmələrin keçirilməsinin ikitərəfli siyasi dialoqun güclənməsinə təkan verdiyini qeyd edib. Nazir müavini əlaqələrin daha da dərinləşməsi və yeni əməkdaşlıq imkanlarından istifadə olunması baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını vurğulayıb.
Regionda sülh və sabitliyə, inteqrasiya proseslərinə, eləcə də bölgənin ümumi inkişafina başlıca əngəl olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan X.Xələfov Litvanın bu məsələdə Azərbaycanın ədalətli mövqeyinə münasibətdə həssaslığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, münaqişənin həllinin yalnız Azərbaycan torpaqlarının işğalına son qoyulması ilə mümkün olduğunu vurğulayıb. Nazir müavini Avropa İttifaqının münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməsinə dair qəti mövqe ortaya qoymasının zəruriliyini qeyd edib.
X.Xələfov Azərbaycan ilə Litva arasında Hökumətlərarası İqtisadi Komissiyanın mütəmadi əsasda iclaslarının keçirilməsinin mövcud ticarət dövriyyəsinin artması, yeni iqtisadi layihə və təşəbbüslərin, eləcə də əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi baxımından önəmli platforma olduğunu bildirib.
İkitərəfli münasibətlərin ruhuna uyğun olaraq çoxtərəfli formatda da iki ölkə arasında qarşılıqlı anlaşma və dialoqun yüksək səviyyədə olduğunu bildirən X.Xələfov Azərbaycanın və Litvanın mövqelərinin yaxın və bir çox hallarda üst-üstə düşdüyünü bildirib.
Andrius Krivas Litvanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini, xüsusilə diplomatik münasibətlərin bərpasından keçən 20 il ərzində uğurlu əməkdaşlığın qurulduğunu və daha da dərinləşdiyini qeyd edib. O, Hökumətlərarası İqtisadi Komissiyanın iclasları zamanı artıq razılaşdırılmış layihələrin icrasına başlanmasının ikitərəfli əlaqələrin genişlənməsinə daha da təkan verəcəyini vurğulayıb.
Andrius Krivas Litvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, işğal altındakı ərazilərdə ticari-iqtisadi fəaliyyətin Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalı olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.