YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizə olan hörmət və etimadın göstəricisi

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Dünyada yeni əməkdaşlıq formatlarının yaradılması zərurəti, sülhün və əminamanlığın təmin olunmasına töhfələr verməli olan beynəlxalq təşkilatların bəzilərinin öz vəzifələrini tamaşaçı mövqeyi tutmaqla bitdiyini hesab etmələri səbəbindən, vacib bir zərurət kimi ortaya çıxmışdır. Əlbəttə, dünyada neytrallıqlarını qorumalı olan belə irimiqyaslı təşkilatlar haqqında danışarkən, hesab etmək olmaz ki, onlar üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bilmirlər, məncə öz neytrallıqlarını saxlamayan belə təşkilatlar öz üzərlərinə düşən vəzifələri icra eləmək istəmirlər. Elə bu səbəbdəndir ki, mövcud beynəlxalq təşkilatların fəaliyyətsizliyindən əziyyət çəkmiş ölkəmiz üçün Şanxay Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. kimi beynəlxalq qurum və təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına, bu təşkilatların fəaliyyətində terrorizm, ekstremizm və seperatizm ilə mübarizə, regional sülhün və sabitliyin təmin olunması prioritet hesab olunduğuna görə daha çox önəm verilir.

Bu baxımdan Azərbaycanın hazırda BMT-dən sonra ikinci ən böyük təsisat olan, öz sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-cu ildən bəri sədrlik etməsi və təsisata Azərbaycanın sədrliyinin yekdilliklə daha bir il 2023-cü ilin sonuna qədər uzadılması ölkəmizə olan hörmətin və etimadın göstəricisidir.

Həmçinin, Azərbaycanın 2010-cu ildə İstanbulda imzalanmış Konvensiya ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzvlüyü xüsusi əhəmiyyət kəsb edir.

Cari ilin oktyabr ayının 13-də Astanada AQEM-in 6-cı Zirvə Toplantısının plenar iclasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərini bir daha tədbirdə iştirak edən dövlət və hökumət başçılarının diqqətinə çatdırdı.

Prezident İlham Əliyevin Zirvə Toplantısında çıxışı zamanı vurğuladığı kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və icrasını təmin etmədiyi - Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl özü təmin etdi.

Həmçinin, 30 ilə yaxın davam edən işğal dövründə şəhərlərimizin, kəndlərimizin, mədəni və dini abidələrimizin Ermənistan tərəfindən dağıdılması, təhqir olunması kimi vandalizm aktlarına qarşı, törədilmiş hərbi cinayətlərə qarşı erməni cəmiyyətinin heç bir etiraz səsinin çıxmaması, hətta bu cür qeyri-insani halların təqdir edilməsi və belə halları törədənlərin qəhrəmanlaşdırılması təəssüf doğurur.

Bu cür halların dünyanın heç bir yerində təkrar olunmamasının təmin olunması, gənclərin həmrəyliyinin gücləndirilməsi məqsədilə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsi və Gənclər Təşkilatının böyük rol oynayacağına və bu təşkilatın üzvlərinin dünyada sülh elçiləri olacağına inanırıq.