YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdış proqramı artıq reallaşır

Almaz Həşimova

YAP Füzuli rayon təşkilatının sədri

30 ilə yaxın işğal altında qalan ərazilərimizdəki bütün yaşayış məskənləri, sosial-iqtisadi infrastrukturlarımız, dini və tarixi abidələrimiz, eləcə də məzarlıqlarımız erməni vandallığı nəticəsində demək olar ki, yer üzündən silinib, dağıdılıb və qeyri-insani rəftarlarla üz-üzə qalıb. Məhz bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və bir milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birləşən xalqımız, rəşadətli Ordumuz düşməni öz ərazilərimizdən qovdu, şanlı Zəfər tarixini yazdı. Artıq Azərbaycanın Zəfər tarixindən iki il ötür. İşğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. “Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması”, deyən dövlətimizin başçısı bildirib: “Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb”.

Bəli, məhz dövlətimizin başçısının bildirdiyi kimi, təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq: “Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlayacağıq”- deyə, Prezident İlham Əliyev diqqətə çatdırıb.

İtirilmiş coğrafi ərazilərin bərpa edilməsi, vətən torpaqlarının geri qaytarılması öz növbəsində ölkəmizin ərazi-inzibati bölgüsünün iqtisadi rayonlar üzrə müəyyən edilməsi məsələsinə yenidən baxılması zərurətini meydana çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyun 2021-ci il tarixli sərəncamı ilə ərazi bütövlüyü şəraitində ölkəmizin coğrafi ərazisində əvvəl mövcud olmuş 10 iqtisadi rayon əvəzinə işğaldan azad edilmiş rayonların əraziləri də nəzərə alınmaqla 14 iqtisadi rayonun yaradılması Vətən müharibəsindən sonra ölkədə yaranmış yeni reallığın obyektiv ifadəsidir. Yeni ərazi-inzibati bölgü əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Vətən müharibəsində qazanılmış tarixi Zəfərin meydana çıxardığı gerçəklikdən doğan addımlardır. Qarabağ iqtisadi rayonu - ölkəmizin 14 iqtisadi rayonundan biri kimi bu regionu əhatə edən qədim Azərbaycan diyarında müstəqil dövlətimizin müəyyən etdiyi proqram əsasında, burada yaşayan bütün xalqların iştirakı ilə yenidən qurulub inkişaf etdiriləcək tarixi ərazimizdir. Regionun erməni əhalisi də respublikamızın digər bölgələrində yaşayan başqa azsaylı xalqlarla bərabər hüquqlar əldə edərək, onlar üçün yaradılmış multikultural mühitdə yaşayıb-yaratmaq imkanları qazana biləcəkdir.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi Böyük Qayıdış Azərbaycanın xəritəsinin Vətən müharibəsindəki Zəfərdən sonrakı tam mənzərəsinin yaradılmasına, regionda və onun ətrafında yeni nəqliyyat - logistika qovşaqlarının formalaşdırılmasına və iqtisadi-mədəni inkişafın təmin edilməsinə geniş üfüqlər açan hərəkat səviyyəsində mövcud olan dövlət əhəmiyyətli proqramdır.