YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda həyata keçirilən 155 irimiqyaslı layihənin reallaşmasına 2,5 milyard dollar ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda həyata keçirilən 155 irimiqyaslı layihənin reallaşmasına 2,5 milyard dollar ayırıb. Bu vəsaitin 64 faizi özəl sektora, 36 faizi dövlət sektorunda infrastruktur layihələrə yönəldilib. Hər iki bölmənin davamlı inkişafı daim AYİB-in diqqət mərkəzində olub.

Bu sözləri Tbilisidə Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısında iştirak edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, dinamik inkişaf edən Azərbaycan bu gün Bakı-Tbilisi-Ceyhan, “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars və digər regional layihələrin təşəbbüskarı və fəal iştirakçısına çevrilib. Azərbaycanın qazandığı uğurlar beynəlxalq hesabatlarda da yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun hesabatında 38-ci yerdə olan Azərbaycan rəqabətə davamlığına görə MDB-də liderdir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 70 faizini təşkil edir.

Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan regional inkişafın tərəfdarıdır. Buna baxmayaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət bu yolda əsas maneə olaraq qalır. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ölkəmizə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, mayın 14-də Tbilisidə Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı və biznes forum keçirilib. Tədbirlərdə 50-dən çox ölkədən 1500-dək nümayəndə iştirak edib. İllik toplantıda AYİB-in fəaliyyətinə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.

Biznes forumda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edib. Ölkəsinin AYİB ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayan Baş nazir deyib ki, AYİB keçən il Gürcüstan iqtisadiyyatına 200 milyon avrodan çox investisiya yatırıb. “Hökumətimiz üçün bazar iqtisadiyyatı, demokratiya və qanunun aliliyi kimi əsas dəyərlər prioritet təşkil edir. Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edir və Avropaya inteqrasiya istiqamətində vacib addımdır. Gürcüstan dünyanın ən sadə vergi sistemi və aşağı vergi dərəcələri olan açıq bir ölkədir”, - deyə İ.Qaribaşvili bildirib.

Baş nazir onu da vurğulayıb ki, Cənubi Qafqazda mövcud olan problemlər, xüsusən də regional münaqişələr ölkələrimizin inkişafına ciddi maneə törədir. Hesab edirik ki, bu münaqişələr həll olunmadan tam və hərtərəfli inkişafa nail ola bilməyəcəyik.

Tədbirdə AYİB-in prezidenti Suma Çakrabarti, AYİB-in idarə heyətinin sədri Xarris Qeorqiades və başqaları çıxış edib, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, bank yarandığı 1991-ci ildən bu günədək 20 mindən çox layihə həyata keçirib. Bankın investisiyaları ölkələrə bazar iqtisadiyyatına keçid dövründə kömək olub. AYİB bank layihələrinin, iqtisadi sahələrin, eləcə də ayrı-ayrı müəssisələrin maliyyələşməsinə kreditlər ayırıb. Çıxışlarda Cənubi Qafqaz regionunun inkişafı ilə bağlı konkret layihələrin hazırlandığı vurğulanıb.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Azərbaycan iqtisadiyyatının inkişaf parametrləri, AYİB-lə əməkdaşlığı, birgə həyata keçirilən layihələrlə bağlı biznes foruma təqdim etdiyi məruzəsi maraqla qarşılanıb.

AYİB-in illik toplantısı mayın 15-də başa çatacaq.