YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsində

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan və Qırğızıstan eyni mədəni, tarixi dəyərlərə malik ölkələrdir. Xalqlarımız bir soy-kökə məxsus xalqlar olduğu üçün ölkələrimiz arasında hər zaman münasibətlər kifayət qədər yaxşı olub. Lakin artıq hər iki ölkə yarım ildir ki, strateji tərəfdaşdır. Cari ilin aprel ayında bu haqda Bəyannamə imzalanmış və bir çox sahələri əhatə edən əlaqələrin inkişaf etdirirlməsi qərara alınmışdır. Azərbaycan və Qırğızıstan münasibətləri konkret hədəflərə istiqamətləndiyi üçün əməkdaşlıqlar da nəzərdə tutulduğundan daha sürətlə gerçəkləşməkdədir.

Azərbaycan Prezidentinin oktyabrın 11-də Qırğızıstana etdiyi dövlət səfəri isə ölkələrimiz arasında yeni mərhələnin başlanğıcı hesab edilməlidir. Səfər zamanı 9 adda Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması, eyni zamanda səfərin zəngin proqramı bunu əminliklə deməyə əsas verir. İmzalanmış sənədlər isə ölkələrimiz arasında çoxşahəli əməkdaşlıq üçün hüquqi baza rolunu oynayacaq. Azərbaycan və Qırğızıstan əməkdaşlığı ticari-iqtisadi sahələr prioritet olmaqla humanitar sahəni də əhatə edəcəkdir. Məlum olduğu kimi Azərbaycan artıq uzun illərdir ki, investor ölkədir. Azərbaycanın “Azersky” və “Azerspace-1” peykləri Qırğızıstandakı tərəfdaşlara xidmətlər göstərir. Bundan əlavə, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması, eləcə də, qarşılıqlı maraqlara xidmət edən investisiyalar bir çox sahədə əməkdaşlığı genişləndirməyə imkanlar yaradacaq.

Qırğızıstana dövlət səfəri zamanı Azərbaycanın böyük tranzit-nəqliyyat imkanlarının olduğuna diqqət çəkən Prezident İlham Əliyev bu imkanları bundan sonra da genişləndirmək potensialının mövcudluğunu qeyd etdi. Eyni zamanda, həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını da genişləndirmək üçün imkanlar var. Bütün bunlardan əlavə,  çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də Azərbaycandan keçir. Həmçinin Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlanılması özü bu sahəyə verilmiş böyük töhfə olacaq. Səfər zamanı Prezident İlham Əliyev vurğuladı ki, artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyaları daha sıx birləşdirməyə imkan verəcək.

Ölkə başçısının Qırğızıstan səfəri bir daha təsdiqlədi ki, ölkələrimiz arasında əməkdaşlıqlar humanitar sahəni də geniş əhatə edir və bu işlər gələcəkdə daha intensiv xarakter alacaq. Qırğızıstanda istifadəyə verilən iki böyük təhsil müəssisəsindən birinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, digərinin isə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıması xalqlarımızın, həmçinin ölkələrimizin ortaq dəyərlərə məxsus olmasını bir daha sübut edir. Hər iki ölkədə qarşılıqlı olaraq mədəniyyət günləri keçiriləcək ki, bu da xalqlarımızın əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək. Mədəniyyət günlərinin keçirilməsi ölkələrimizin müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmasına imkan yaradacaq. Bu tədbirlər çərçivəsində mədəniyyət paytaxtımız olan Şuşa Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Ölkələrimiz arasında belə bir təcrübə artıq mövcuddur. Belə ki, Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Bir sözlə, Azərbaycan-Qırğızıstan münasibətləri hərtərəfli olaraq özünün yeni inkişaf mərhələsini yaşayır və bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin yüksək xidmətləri vardır.