YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qırğızıstan münasibətlərin dinamikasının artmasına böyük önəm verir

“Azərbaycan və qırğız xalqlarını tarixi dostluq əlaqələri birləşdirir. Böyük tarixə malik olan bu əlaqələr zaman-zaman inkişaf edərək özünün müasir inkişaf səviyyəsinə çatıb. Bu gün Azərbaycan-Qırğıstan əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Millət vəkili bildirib ki, oktyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərin gələcək inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Prezidentlərin qarşılıqlı səfərləri onu göstərir ki, hər iki tərəf münasibətlərin dinamikasının artmasına böyük önəm verir. Dövlət başçımızın Qırğızıstana səfərinin gündəliyi kifayət qədər zəngin olub. Keçirilən görüşlərdə Prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazır olduqlarını bildiriblər. Azərbaycan və Qırğızıstan Prezidentləri iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin artırılmasının zəruriliyini gündəmə gətiriblər. Vurğulanıb ki, bunun üçün böyük potensial var. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması ilə bağlı qərarın qəbul olunması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq. Prezident İlham Əliyevin oktyabrın 11-də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata verdiyi Bəyanatında bildirdiyi kimi, bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.

Deputat qeyd edib ki, cənab Prezidentin səfəri çərçivəsində Birinci Dövlətlərarası Şuranın geniş və məhdud tərkibdə görüşləri keçirilib. Hökumətlərarası komissiyanın iclası bir qədər bundan əvvəl Bakıda baş tutub, növbəti iclas isə gələn il Bişkekdə keçiriləcək. Bütün bunlar iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə daha münbit zəmin formalaşdırır. Səfər çərçivəsində həmçinin çoxsaylı sənədlər, o cümlədən Bakı ilə Bişkek şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair memorandum imzalanıb, eləcə də dövlət başçıları bir sıra açılışlara, mədəni proqramlara qatılıblar. Bişkekdə dövlət başçılarının iştirakı ilə Ulu Öndər Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan təhsil ocaqlarının, dostluq parkının açılışının keçirilməsi tərəflərin mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə də böyük önəm verdiklərini təsdiqləyir.

Pərvin Kərimzadə söyləyib ki, Azərbaycanla Qırğızıstan arasında beynəlxalq əməkdaşlığın ən səmərəli platformalarından biri Türk Dövlətləri Təşkilatıdır: “Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasındakı çıxışında bildirib ki, bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Türk Dövlətləri Təşkilatında əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Bütün bunlar o anlama gəlir ki, perspektivdə Türk dünyasında iqtisadi əlaqələr daha da dərinləşəcək. Qırğızıstan, eyni zamanda, Azərbaycanın qədim Şuşa şəhərinin gələn il Türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəkləyən ölkələr sırasında yer alır.

“Qırğızıstan Prezidenti Sadır Japarov iki ölkə arasında siyasi əlaqələrlə yanaşı mədəni-humanitar sahədə də münasibətlərin inkişafından məmnunluğunu bildirib. O, “Diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi ərəfəsində növbəti mərhələ kimi biz birgə İnkişaf Fondunun fəaliyyətinin sürətləndirilməsi, əməkdaşlığın inkişafı üçün beşillik kompleks proqramın imzalanması və 2023-cü ildə Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günlərinin, 2024-cü ildə isə Qırğızıstanda Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi barədə razılığa gəldik”,-deyə bildirib. Azərbaycan Prezidenti İlham Əliyev də qarşılıqlı əlaqələrin inkiaşfını yüksək qiymətləndirib və iki ölkə arasında imzalanmış starteji tərəfdaşlıq haqqında Bəyannamənin əhəmiyyətini vurğulayıb: “Yarım il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışıq ki, bu da bizim münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Bu gün bu Bəyannamənin necə icra olunduğunu məmnunluqla qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən etdiklərimizin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur”. Bütün bunlar Azərbaycan-Qırğızıstan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini göstərir. Ölkələrimiz strateji tərəfdaş olmaqla yanaşı münasibətlərini tarixi köklərə istinad edərək daha da gücləndirir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.