Xəbərlər
Birinci Avropa Oyunlarının məşəli Tərtərdə böyük coşqu ilə qarşılanıb
Mayın 12-də Tərtər şəhərində qələbəlik idi. Şəhər sakinləri, həmçinin rayonun kəndlərindən gəlmiş minlərlə tərtərli birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün küçələrə axışırdı. Əllərində üçrəngli bayrağımızı, gül-çiçək və plakatlar tutmuş sakinlər Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs Atəşgah məbədində alovlandırdığı birinci Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdilər.
Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Tərtər şəhərinin girişində sürəkli alqışlarla qarşılandı. Kəngərli kənd tam orta məktəbinin idman müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürdü. 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başladı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəldilər. Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq meydana toplaşanların alqış sədaları altında məşəli alovlandırdı. Səmaya buraxılan göyərçinlər və rəngbərəng şarlar bayram tədbirinə əlavə rəng qatdı.
Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq ictimaiyyətə təqdim edildi. Çıraq yarışların sonuna qədər “Bakı-2015”-in rəmzi kimi rayonda saxlanılacaq.
Mərasimdə birinci Avropa Oyunlarının məşəlinin aprelin 26-da Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Məşəlin qarşılanma mərasimi respublikamızın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin konsert proqramı ilə davam etdi.