Xəbərlər
Ölkəmiz etibarlı enerji tədarükçüsü rolunda çıxış edir
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri
1994-cü ilin sentyabrında məşhur “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın neft strategiyası əsaslı qlobal enerji siyasətinin əsasını qoyduğu dövrdən bu günədək ölkəmiz Avropa və bütün dünya üçün əsas enerji aktorlarından birinə çevrilmək yolunda qətiyyətli və davamlı siyasət yürütmüşdür. Bu baxımdan dövlətimizin təşəbbüskarı, əsas iştirakçısı, tərəfdaşı və ya sərmayədarlarından olduğu Bakı-Novorossiysk (istismara başlanma tarixi – oktyabr 1997-ci il, uzunluğu 1330 km), Bakı-Supsa (aprel 1999, 837 km), Bakı-Tbilisi-Ceyhan (may 2006, 1774 km) neft boru kəmərləri, həmçinin Cənub Qaz Dəhlizi layihəsi əsasında reallaşan genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri (iyul 2007, 690 km), TANAP (Trans-Anatolian Natural Gas Pipeline: iyun 2018, 1850 km) və TAP (Trans Adriatic Pipeline: yanvar 2021, 878 km) qaz boru kəmərləri Azərbaycanın xüsusilə Avropa üçün böyük əhəmiyyətə malik neft-qaz tədarükçüsü olduğunu sübut edir.
Bu baxımdan regional və qlobal miqyasda baş verən müxtəlif dövlətlərarası ixtilaflar və münaqişələr (Rusiya-Gürcüstan, Rusiya-Ukrayna və s.) zamanı Azərbaycan bütün dünya və ayrı-ayrılıqda yaxın və uzaq dost, tərəfdaş və bərabərhüquqlu qarşılıqlı münasibətlərdə olduğu, istisnasız olaraq, bütün dövlətlər üçün enerji təhlükəsizliyində özünün etibarlı, ləyaqətli və ciddi partnyor olduğunu artıq dəfələrlə sübut etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin bu imicini daim qoruduğunu 2026-cı il yanvarın 8-də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışında növbəti dəfə ifadə edərək demişdir: “Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır”.
2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”n imzalanması da ölkəmizə olan etimadın növbəti ifadəsi idi. 2022-ci il Anlaşma Memorandumu 2006-cı il noyabrın 7-də imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nu əvəzləmiş və yeni sənəddə təbii qaz təchizatı, metan emissiyaları, ətraf mühitin mühafizəsi ilə yanaşı bərpa olunan enerji istehsalı, enerji səmərəliliyi, bərpa olunan hidrogenin təşviqi, infrastruktur sahələrində əməkdaşlıq məsələləri də burada əks olunmuşdu. Bu isə o demək idi ki, ölkəmizin bərpaolunan enerji istehsalı sahəsində böyük potensialı Aİ tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycanda artıq bir neçə ildir ki, külək və günəş enerjisinə daha sürətlə və geniş sərmayə qoyuluşu prosesinə start verilib. Belə ki, hələ haqqında bəhs edilən memorandumun imzalanmasınadək ölkəmizin bərpaolunan enerji potensialı ilə bağlı ilkin qiymətləndirmə də aparılıb, 2020-ci ildə qazandığımız möhtəşəm Zəfərdən az sonra işğaldan azad olunmuş ərazilərimiz “yaşıl enerji” zonası elan edilib. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3 may 2021-ci il tarixində “İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Yaponiyanın “TEPSCO” şirkəti ilə müqavilə imzalanmaqla “Yaşıl Enerji Zonası”nın yaradılması üzrə Konsepsiya sənədi hazırlanıb və hazırda bu ərazilərdə müvafiq konseptual prinsiplər tətbiq edilir. Bununla yanaşı, Azərbaycan hökuməti tərəfindən hələ 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40%-ə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə "xalis sıfır emissiya" zonası yaradılması niyyəti bəyan edilmişdir. Buradaca qeyd edək ki, son beş il ərzində 500-600 meqavatlıq su elektrik stansiyaları potensialına malik Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına gücü 300 meqavatdan çox olan 40-a yaxın kiçik su elektrik stansiyası istismara verilib və bu sahədə nəzərdə tutulan işin artıq yarıdan çoxu icra olunub. Ümumiyyətlə, Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” haqqında 29 may 2019-cu il tarixli Sərəncamı ilə bərpa olunan enerji mənbələrinin geniş tətbiqi dövlət enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və Sərəncama uyğun olaraq “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli Qanunu qəbul olunub. Başqa sözlə, ölkəmizdə enerji bazarında liberallaşma və rəqabətin artırılması ilə bərabər yaşıl enerjiyə keçidin qanunvericilik bazası, hüquqi əsası da artıq formalaşdırılıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyev tərəfindən Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvan Muxtar Respublikasının da “yaşıl enerji zonası” elan edilməsi ölkəmizin enerji siyasətində mütərəqqi inkişaf siyasətinin təzahürüdür. Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə imzalanmış “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda elektrik enerjisinin istehsalı və ixracı üzrə mövcud potensialdan istifadə etməklə yeni bərpa olunan enerji (əsasən, günəş) stansiyalarının, həmçinin istilik elektrik stansiyalarının tikintisi və eyni zamanda, tezlik tənzimlənməsinin dayanıqlığının təmini, mövcud elektrik stansiyalarının və şəbəkəsinin təmiri, avtomatlaşdırılmış idarəetmə sisteminin qurulması da regionun potensialından istifadənin səmərəliliyinin və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması üçün müasir çağırışlara və yanaşmalara əsaslanan başlıca tədbirlərdən biri kimi nəzərdə tutulmuşdur. Dövlət Proqramında elektrik enerjisi istehsalının və ixracının artırılması Türkiyə ilə quru sərhədin mövcudluğu, həmçinin Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizi layihəsi çərçivəsində muxtar respublikanın ölkənin əsas enerji sistemi ilə əlaqələndirilməsi imkanının mövcudluğu, Türkiyəyə elektrik verilişi xəttinin çəkilməsi, elektrik enerjisi ixracı məqsədilə tezlik tənzimlənməsinin Türkiyənin enerji sistemi vasitəsilə aparılması və Naxçıvan MR-nın enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulması üçün tədbirlər görülməsi nəzərdə tutulub. Beləliklə, Naxçıvanda elektrik enerjisi istehsalı və ixracı potensialını artırması, bunun hesabına isə ölkənin əlavə enerji gücləri hesabına dünya bazarına (Türkiyəyə və Avropaya) elektrik enerjisi satmaq imkanlarının və alternativlərinin genişləndirilməsi prioritet elan edilmişdir.
2023-cü il iyunun 3-də Azərbaycan Respublikası Energetika Nazirliyi Böyük Britaniyanın “Nobel Energy Management” şirkəti ilə Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə, Fransanın “TotalEnergies” şirkəti ilə 250 MVt gücündə quruda külək, Naxçıvanda isə 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır. Bu güclərin 650 MVt-ının məhz muxtar respublikada yaradılması memorandumlarda təsbit olunmuşdur.
Ümumiyyətlə, ölkəmizdə yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. İqtisadi potensial 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda bərpa olunan enerji mənbələri üzrə ümumi gücü 1829,6 MVt olan elektrik stansiyaları fəaliyyət göstərir. Onlara 1443,5 MVt gücündə 65 su elektrik stansiyası, 63,5 MVt gücündə 5 külək elektrik stansiyası, 278,2 MVt gücündə 9 günəş elektrik stansiyası, 37 MVt gücündə BİO elektrik stansiyası və 7,3 MVt gücündə 3 hibrid elektrik stansiyası daxildir. Bərpa olunan enerji mənbələri ümumi enerji gücünün təxminən 18,8%-ni təşkil edir. Ümumiyyətlə, son 20 il ərzində ölkədə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artaraq, hazırda 10 min meqavata çatmışdır.
Bu baxımdan 2026-cı il yanvarın 8-də Bakıda Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti (podratçı Çinin “Power China” şirkətidir) tərəfindən inşa edilmiş 240 meqavat gücünə malik “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasiminin keçirilməsi dövlətimizin “yaşıl enerji” siyasətinin uğurlu icrası istiqamətində növbəti ciddi addımıdır. Beləliklə, ölkəmizin enerji sisteminin səmərəliliyi bir qədər də artırılır, generasiya gücü çoxalır, eyni zamanda, şərti yanacaq sərfiyyatı bir qədər də aşağı düşür və nəticədə təbii qaza qənaət etmək üçün daha bir imkan yaranır. Nəzərə alsaq ki, Azərbaycan qazına dünya bazarlarında böyük tələbat var, o zaman ölkə daxilində təbii qaza qənaət ixrac imkanlarının artırılmasında vacib amildir. Eyni zamanda bu qənaət Azərbaycanda ekoloji təmizliyin təmin edilməsinə də mühüm töhfədir. Bu baxımdan, 340 milyon ABŞ dollarına başa gələn və illik 1 milyard kilovat-saat enerji istehsalı həcminə malik olacaq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara başlaması nəticəsində 220 milyon kumvmet təbii qaza qənaət olunacaq və atmosfer daha 400 min tondan çox karbon qazı ilə çirklənmədən xilas olacaq.
Dövlətimizin başçısı beynəlxalq tədbirlərdə bir tərəfdən Azərbaycanı öz kompleks potensialı ilə birlikdə mühüm qlobal enerji təhlükəsizliyi aktoru kimi təqdim edir (sentyabr 2022, İtaliya, “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu; oktyabr 2022, Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılışı; dekabr 2022, Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimləri və s.). Digər tərəfdən isə Azərbaycan “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında iqlim dəyişmələrinə qarşı mübarizənin ən yüksək tədbiri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) böyük uğurla təşkil edərək, özünün qlobal ekoloji təhlükəsizlik naminə “Yaşıl gündəliy”ini təqdim edərək, yaşıl keçidin güclü carçısı olduğunu bəyan edir.
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 8-də Bakıda “Gülüstan” sarayındakı açılış mərasimində çıxışından aydın olur ki, “…ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu “AzərEnerji” öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın… Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək”.
Şübhə etmirik ki, özünün unikal enerji siyasəti ilə ölkəmizdə yeni ekosistemin formalaşmasında müstəsna rol oynayan Prezident İlham Əliyevin liderliyində Azərbaycan yaxın perspektivdə, illər əvvəl mühüm neft-qaz ixracatçısı olaraq tanındığı kimi, dünyanın enerji tələbatının ödənilməsində ən fəal yaşıl enerji ixrac edən ölkəyə çevriləcək və bu sahədə üzərinə götürdüyü missiyanı da uğurla yerinə yetirəcəkdir. Prezident İlham Əliyevin: “Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir”, – bütün planların icrası üçün ən böyük siyasi zəmanətdir.
