YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Tarixi Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən 27 sentyabr tarixindən bizi iki illik zaman ayırır. 30 il torpaq həsrəti ilə yaşayan, dünyadan ədalət gözləyən Azərbaycan bütün səylərini münaqişənin sülh danışıqları əsasında həllinə yönəltdi. Ermənistanın məsələnin diplomatik yolla həllində maraqlı olmaması, yeni ərazilər uğrunda müharibə planı hazırlaması bu danışıqlardan imitasiya naminə bəhrələnməsində özünün aydın ifadəsini tapdı.

Lakin Azərbaycan dövləti ən yüksək tribunalardan bu bəyanatı səsləndirdi ki, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik.   Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz.  Sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyi istisna edilmir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhəddində mütəmadi törətdikləri təxribatlar Azərbaycan dövlətinin, xalqının səbir kasasını dodurdu. 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması Azərbaycan Ordusunu əks -hücum əməliyyatına başlamasına səbəb oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrini böyük ruh yüksəkliyi ilə qarşılayan Azərbaycan əsgəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq nümayiş etdirdilər. Canları, qanları ilə tarix yazan Vətən oğulları şəhidlik zirvəsinə ucaldılar. 44 günün hər günü tariximizə Zəfər səhifəsi kimi yazıldı.

27 Sentyabr- Anım Günündə Füzuli rayonunda səfərdə olan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun Qaraxanbəyli kəndində xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra ölkə Prezdienti çıxışında bildirdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq. Cənab İlham Əliyev, eyni zamanda, vurğuladı ki, Azərbaycan zabiti sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın.

Bu gün şəhidlərimizin ruhu şaddır. Onların canı, qanı bahasına işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma, bərpa işləri geniş vüsət alıb. Dövlət başçısı İlham Əliyevin bu torpaqlara səfərləri davamlılıği lə diqqət çəkir. Hər səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.  Bu gün Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Şəhər və kəndlərimizin müasir tələblər səviyyəsində yenidən qurulması, yeni idarəçilik sisteminin tətbiqi,  Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” və DOST mərkəzlərinin bu torpaqlarımızda yardılmasının prioritet məsələ kimi qarşıya qoyulması gələcəkdə soydaşlarımızın rahat şəraitinin təmin edilməsinə xidmət edir.

Bu fikir xüsusi qeyd olunur ki, hər bir sahədə təcrübəsi ilə nümünə olan Azərbaycan həm müharibə, həm də müharibədən sonrakı dövrdə bərpa-quruculuq işlərinin aparılması təcrübəsi ilə də dünyanın diqqətindədir. Belə ki, müharibədən çıxan ölkənin dərhal bərpa işlərinə start verməsi mümkünsüzdür. Amma Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində iqtisadi və maliyyə imkanları genişlənir. Ölkəmizin inkişaf modelinin təqdir olunması səbəbsiz deyil. Bu, dövlətimizin uğurlu siyasətinin nəticəsidir.

Dövlət başçısı İlham Əliyevin Füzuli rayonuna səfəri, eyni zamanda, Şuşada yeni inşa olunan bir sıra obyektlərdə işlərin gedişi ilə yaxından tanış olmaları da bu torpaqlarda atılan hər bir addımın ölkə Prezidentinin nəzarətində olduğunu təsdiqləyir. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə bütün işlərin sistemli şəkildə aparılmasını və nəzarətin olmasını ilk gündən qarşıya mühüm vəzifə kimi qoyub. Prezidentin bu ərazilərdə xüsusi nümayəndəliyinin yaradılması da idarəçilik sisteminin təkmilləşməsinin və nəzarətin gücləndirilməsinin göstəricisidir. Atılan bütün addımlarda məqsəd soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması və yeni həyatın başlamasıdır. Dövlət başçısı İlham Əliyevin sözügedən çıxışında səsləndirdiyi “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq” fikirlər qarşıdakı dövrün təqdimatıdır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, qalib, gələcəyə doğru inamla addımlayan  dövlətin vətəndaşı olduğu üçün qürurludur.